Pakistan və Əfqanıstan arasında uzun müddətdir davam edən sərhəd toqquşmaları bu gün açıq müharibəyə çevrildi. Rəsmi açıqlamalara görə, 200-dən çox insan həyatını itirib və tərəflər arasında ağır qarşıdurmalar davam edir.
Referans Media xəbər verir ki, Pakistan ordusu Şevval Vadisində Talibanın hərbi mövqeyini ələ keçirdiyini açıqlayıb. Eyni zamanda, Taliban Təhsil Naziri Neda Məhəmməd Nadimin Pakistanın hava zərbələri nəticəsində öldüyü iddia edilir, lakin bu məlumat hələ rəsmi qaynaqlar tərəfindən təsdiqlənməyib.
Pakistan İnformasiya Naziri Attaullah Tarar, əməliyyatlarda Əfqan tərəfdən 133 nəfərin öldüyünü, 200-dən çox şəxsin yaralandığını bildirib. Əfqanistan hökuməti isə qisas əməliyyatlarında 55 Pakistan əsgərinin öldüyünü və bəzi qərargahların ələ keçirildiyini açıqlayıb.
Pakistan Müdafiə Nazirliyi düşmən mövqelərinin məhv edildiyini və bir çox hərbi nöqtənin ələ keçirildiyini bildirir. Pakistan Hərbi Hava Qüvvələri Kabil, Qəndahar və Paktia kimi kritik nöqtələrə bombardmanlar həyata keçirib. Bu hava zərbələri sərhəd boyunca gərginliyi daha da artırıb.
Münaqişələrin müharibəyə çevrilməsi, bölgədəki sülh ümidlərini zəiflədir və Durand Xətti boyunca mülki əhalinin həyatını ciddi şəkildə təhlükəyə atır.
Pakistan son dövrlərdə ölkədə baş verən partlayışlardan sonra sərhəd boyunca “terror düşərgəsi” hesab etdiyi 7 məntəqəni hədəf alıb. Əfqan Müdafiə Nazirliyi, Pakistanın hücumuna qarşı uyğun və ölçülü cavab veriləcəyini açıqlayıb. Əfqan Qızıl Aypara Cəmiyyəti Pakistan hücumları nəticəsində 18 nəfərin öldüyünü və çox sayda şəxsin yaralandığını bildirib. Pakistan Daxili İşlər Nazirliyi təxminən 70 terroristin zərərsizləşdirildiyini açıqlayıb.
