Müharibədə diqqətçəkən iddia: İran ABŞ-ın 16 pilotsuz aparatını vurdu?

ABŞ ordusunun İrana qarşı əməliyyatlar zamanı ciddi PUA itkiləri verdiyi iddia olunur. ABŞ mediasında yayılan məlumatlara görə, fevralın 28-dən bəri İran üzərində həyata keçirilən əməliyyatlar zamanı 16 ədəd MQ-9 Reaper tipli pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Referans Media xəbər verir ki, ABŞ rəsmiləri televiziya kanalı olan “CBS News”a açıqlamalarında İran üzərində daha iki MQ-9 Reaper pilotsuz aparatının düşdüyünü və ümumi itkinin 16-ya çatdığını bildiriblər. İddialara əsasən, son iki pilotsuz aparat İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhəri yaxınlığında məhv edilib.

Mütəxəssislər qeyd edirlər ki, MQ-9 Reaper tipli aparatları müasir hava hücumundan müdafiə sistemləri olan ölkələrin səmasında vurmaq daha asandır. Çünki bu pilotsuz uçuş aparatları əsasən hava müdafiə imkanlarının zəif olduğu bölgələrdə kəşfiyyat, müşahidə və terrorla mübarizə əməliyyatları üçün hazırlanıb.

ABŞ mediasının məlumatına görə, bir MQ-9 Reaper pilotsuz aparatının dəyəri təxminən 30 milyon dollar təşkil edir. Bu aparatlara uzaqdan nəzarət olunur və onlar əsasən kəşfiyyat, müşahidə və hədəflərə dəqiq zərbələr endirmək üçün istifadə edilir.

Bu arada İran dövlət mediası martın 30-da ölkənin elit hərbi qurumu olan İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələrinin İsfahan səmasında uçan bir ABŞ pilotsuz aparatını vuraraq məhv etdiyini açıqlamışdı.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və ABŞ müdafiə naziri Pit Heqset daha əvvəlki çıxışlarında ABŞ və İsrailin həyata keçirdiyi hücumlar nəticəsində İranın hava hücumundan müdafiə sistemləri və raket buraxılış imkanlarının böyük hissəsinin sıradan çıxarıldığını bildirmişdilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki