ABŞ-ın Yeni İngiltərə bölgəsində qeydə alınan güclü partlayış səsləri və yeraltı təkanlar sakinlər arasında ciddi narahatlıq yaradıb. Hadisə zamanı evlərin silkələndiyi, binaların titrədiyi və səmada parlaq işıq topunun göründüyü bildirilib.
Referans Media xəbər verir ki, hadisə ABŞ-ın Massaçusets və Nyu-Hempşir ştatlarında hiss olunub. Sosial şəbəkələrdə çoxsaylı şahidlər güclü gurultu eşitdiklərini və evlərinin sarsıldığını yazıblar.
Hadisə ilə bağlı açıqlama verən NASA rəsmiləri partlayışın Yer atmosferinə daxil olan iri meteorun parçalanması nəticəsində baş verdiyini bildiriblər. Meteorun
Massaçusetsin şimal-şərqi və Nyu-Hempşirin cənub-şərqi üzərində təxminən 64 kilometr yüksəklikdə parçalandığı qeyd olunub.
NASA-nın hesablamalarına əsasən, meteorun atmosferdə partlaması zamanı təxminən 300 ton TNT-yə bərabər enerji ayrılıb. Məhz bu səbəbdən geniş ərazidə güclü səs dalğaları və silkələnmələr hiss edilib.
Mütəxəssislərin sözlərinə görə, göy cismi saatda 120 min kilometrdən çox sürətlə Yer atmosferinə daxil olub. Partlayış anı ABŞ-ın NOAA hava müşahidə peykləri tərəfindən də qeydə alınıb. Yayılan görüntülərdə meteorun parlaq işıq saçaraq atmosferdə parçalandığı görünür.
Alimlər bildirirlər ki, Yer atmosferinə hər gün çoxlu sayda kiçik meteorit daxil olsa da, bu səviyyədə səs-küy və təkan yaradan hadisələr olduqca nadir hallarda baş verir.
