NATO rəhbərindən şok iddia: Ayda 30 mindən çox rus əsgəri ölür

NATO-nun Baş katibi Mark Rutte Ukraynaya səfəri çərçivəsində Kiyevdə Volodimir Zelenski ilə görüşüb və birgə mətbuat konfransında diqqətçəkən açıqlamalar verib.

Referans Media xəbər verir ki, Rutte Rusiyada ordu sıralarına qoşulmağı planlaşdıran gənclərə müraciət edərək bildirib ki, onları təhlükəli və ağır şərtlər gözləyir.

“Size pis bir razılaşma təklif olunur. Döyüşə göndərilənlərin əksəriyyəti kifayət qədər hazırlıq keçmir, lazımi təchizat almır. Orada ölmək və ya yaralanmaq ehtimalı çox yüksəkdir”, – deyə NATO rəhbəri vurğulayıb.

Mark Rutte Rusiyanın Ukraynadakı müharibədə ciddi itkilər verdiyini iddia edərək bildirib ki, hər ay 30 mindən çox rus hərbçisi həyatını itirir. Onun sözlərinə görə, bu göstərici Sovet İttifaqının 1980-ci illərdə Əfqanıstan müharibəsində 10 il ərzində verdiyi itkilərdən daha çoxdur.

Rutte qeyd edib ki, müharibəyə qoşulan gənclər bu riskləri nəzərə almalıdırlar.


Mətbuat konfransında çıxış edən Ukrayna Prezidenti Volodimir Zelenski isə müharibənin dayandırılması üçün Vladimir Putin ilə birbaşa görüşə hazır olduğunu bildirib. Zelenski deyib ki, münaqişənin həlli üçün vasitəçilərsiz danışıqlar aparmaq mümkündür və bu istiqamətdə addım atmağa hazırdır.

Ukrayna lideri Rusiyanın ballistik raket hücumlarının davam etdiyini bildirərək, ölkəsinin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinin vacibliyini qeyd edib.
Onun sözlərinə görə, bu cür hücumlara qarşı effektivliyini sübut etmiş əsas vasitələrdən biri ABŞ istehsalı olan Patriot Hava Hücumundan Müdafiə Sistemi kompleksləridir.

Kiyevdə keçirilən görüş zamanı tərəflər Ukraynaya hərbi dəstək, regional təhlükəsizlik və müharibənin gedişi ilə bağlı məsələləri də müzakirə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki