Nəhəng dalğalar rayonu vurdu: səki daşları yerindən qopdu

Bartın şəhərinin Amasra rayonunda güclü fırtına səbəbindən balıqçı qayıqları limana çəkilib, iki logistika dəstək gəmisi limanda lövbər salıb. Kiçik limanda dalğaların hündürlüyü 8 metrə çatıb.

Referans Media xəbər verir ki, Meteorologiya Baş İdarəsinin “güclü fırtına” xəbərdarlığından sonra şəhərdə küləyin sürəti saatda 90 kilometrə yüksəlib. Amasra Kiçik Limanında divarlara çırpılan dalğaların hündürlüyü təxminən 8 metr olub. Qara dənizdə hərəkətdə olan balıqçı gəmiləri Böyük Limanda lövbər salıblar.

Zonguldakın Çaycuma rayonunda Filyos Vadi Layihəsi çərçivəsində təbii qaz axtarışlarında fəaliyyət göstərən “Osman Bey” və “Hakan İlhan” adlı logistika dəstək gəmiləri Amasra Böyük Limanına gətirilib. Kiçik Limanda dalğalar liman ərazisinə qədər irəliləyib, ərazidə səki daşlarının yerindən qopmasına səbəb olub. Polis əməkdaşları təhlükəsizlik lenti çəkərək liman ərazisini piyadalar üçün müvəqqəti olaraq bağlayıb.

Sahil Mühafizəsi əməkdaşları da gəmilərin zərər görməməsi üçün tədbirlər həyata keçirib. Qara dənizdə balıqçılıqla məşğul olan qayıqlar fırtına səbəbindən dənizə çıxmayaraq limanda qalıblar.

Polis əməkdaşları Böyük Liman ətrafında patrul xidməti apararaq vətəndaşları fırtına ilə bağlı xəbərdar edib. Boztepe və Kaleiçi məhəllələrini birləşdirən Kemere körpüsü ətrafında da güclü küləyin təsiri hiss olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki