Ölümdən sonra da paylaşım: Meta-dan mübahisəli süni intellekt patenti

Meta Platforms sosial media hesablarının istifadəçi vəfat etdikdən sonra da aktiv qalmasını təmin edə biləcək süni intellekt texnologiyası üçün patent alıb. Şirkət isə bu sistemi hazırda tətbiq etməyi planlaşdırmadığını açıqlayıb.

Referans Media xəbər verir ki, Business Insider-ın məlumatına görə, 2025-ci ilin dekabrında verilən patent böyük dil modelləri vasitəsilə istifadəçinin sosial media davranışlarının simulyasiya edilməsini nəzərdə tutur. Sistem şərh yazmaq, bəyənmək və mesajlara cavab vermək kimi fəaliyyətləri istifadəçi adından davam etdirə bilər.

Patentə əsasən, texnologiya istifadəçinin uzun müddət platformadan uzaq qalması və ya vəfatı halında işə düşə bilər. Layihənin əsas müəllifi kimi Meta-nın texniki direktoru Andrew Bosworth göstərilir.

Mütəxəssislər isə xəbərdarlıq edir ki, vəfat edən şəxslərin rəqəmsal “klon”unun yaradılması etik və hüquqi problemlər yarada bilər. University of Birmingham-dən prof. Edina Harbinja bunun rəqəmsal miras və məxfilik kimi həssas məsələlərə toxunduğunu bildirib. University of Virginia-dan Cozef Devis isə belə texnologiyaların yas prosesini çətinləşdirə biləcəyini qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki