OpenAI süni intellekt dəstəkli alış-veriş sahəsinə daxil olur

OpenAI, ChatGPT-dən sonra ən böyük addımını aparat (donanım) sahəsində atmağa hazırlaşır. Əfsanəvi dizayner Jony Ive ilə əməkdaşlıq çərçivəsində hazırlanan süni intellekt dəstəkli ağıllı dinamik qurğunun 2027-ci ilin əvvəlində bazara çıxarılması planlaşdırılır.

Referans Media xəbər verir ki, ənənəvi səsli assistentlərdən xeyli irəli keçməsi hədəflənən cihaz inteqrə olunmuş kamera, inkişaf etmiş kontekstual (bağlamsal) fərqindəlik və Face ID-yə bənzər üz tanıma funksiyası ilə təchiz ediləcək.

Bu dərin inteqrasiya sayəsində istifadəçilər sadəcə üzlərini skan etdirərək ani şəkildə alış-veriş edə və ya mürəkkəb tapşırıqları süni intellektə həvalə edərkən kimliklərini bu üsulla təsdiqləyə biləcəklər.

OpenAI-ın baş direktoru Sam Altman cihazı gündəlik həyatın “sakit” və “aktiv iştirakçısı” kimi xarakterizə edib. Bildirilir ki, dinamik yalnız verilən əmrlərə cavab verməklə kifayətlənməyəcək, eyni zamanda rutinləri müşahidə edərək, məsələn, vacib görüşdən əvvəl daha tez yatmağı tövsiyə etmək kimi proaktiv yardımlar göstərəcək.

Ekran əvəzinə minimalist dizayn

Rəqiblərin ağıllı ekranlara fokuslandığı bazarda OpenAI-ın strategiyası sadəliyə əsaslanacaq. Qurğunun vizual diqqət tələb etməyən, gündəlik həyata uyğunlaşan və böyük ehtimalla ekransız minimalist dizayna malik olacağı gözlənilir.

Altmanın “dünyanın görəcəyi ən sərin texnologiya nümunəsi” adlandırdığı bu cihazın ekran mərkəzli interfeyslərdən mühit yönümlü süni intellekt ekosistemlərinə keçidi başlada biləcəyi vurğulanır.

Ağıllı ev bazarında yeni rəqabət

Bu addım OpenAI-ı öz süni intellekt dəstəkli ev mərkəzini və yenilənmiş Siri-ni hazırlayan Apple ilə birbaşa rəqabətə çıxaracaq.

Premium seqmentdə yer alacağı gözlənilən cihazın satış qiymətinin 200–300 dollar aralığında olacağı ehtimal edilir.

Mütəxəssislərə görə, istehlakçı texnologiyalarında yeni mərhələ artıq ənənəvi texniki göstəricilərdən çox, “əvvəl süni intellekt” prinsipi əsasında formalaşan ekosistemlər üzərində qurulacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki