Almaniyada tapılan qızıl külçələri böyük marağa səbəb olub. Almaniyanın Saksoniya əyalətinin Bannewitz şəhərində bələdiyyə işçisi boş ərazidə 10 ədəd qızıl külçəsi tapıb.
Referans Media xəbər verir ki, hadisə təxminən altı ay əvvəl baş verib. Su təsərrüfatı idarəsində çalışan işçi bələdiyyəyə məxsus sahədə ot biçərkən torpaq üzərində qızıl külçələrini aşkar edib. Tapıntı barədə dərhal yerli rəhbərliyə məlumat verilib və qızılların mənşəyi ilə bağlı araşdırma başladılıb.
Qəsəbə rəhbəri Heiko Wersig bildirib ki, qızılların ümumi dəyəri təxminən 37 min avro təşkil edir. Onun sözlərinə görə, qızılların həmin əraziyə necə düşdüyü hələ də məlum deyil. Ehtimallardan birinə görə, oğru qaçarkən onları itirmiş və ya avtomobildən atılmış ola bilər. Hətta Hamburq şəhərindən bir nəfər qızılları pilotsuz aparatla daşıyarkən itirdiyini iddia etsə də, bu məlumat təsdiqlənməyib.
Bələdiyyə rəhbərliyi qızılların sahibini tapmaq üçün elan verib. Əgər 17 aprel tarixinə qədər qızılların həqiqi sahibi ortaya çıxmasa, onların satışından əldə olunacaq vəsait qəsəbə sakinləri üçün istifadə ediləcək. Planlara görə, vəsait idman klublarının dəstəklənməsi, musiqi tədbirlərinin təşkili və yaşlılara yönəlmiş sosial layihələrə sərf ediləcək.
Qeyd edək ki, qızılı tapan bələdiyyə işçisi tapıntını iş vaxtı və dövlət torpağında aşkar etdiyi üçün ona hüquqi olaraq sahib çıxmayıb. Buna baxmayaraq, yerli hakimiyyət onun dürüstlüyünü yüksək qiymətləndirərək xüsusi təşəkkür ediləcəyini bildirib.
