Paşinyan Azərbaycana gələ bilər

  “Hansısa beynəlxalq formatlar çərçivəsində Azərbaycan Prezidentinin  Ermənistana, ölkəmizin rəhbərinin isə Azərbaycana səfərini istisna etmirəm. Mən də Azərbaycana getməyə hazıram”. 

Referans.az  xəbər verir ki, bunu oktyabrın 22-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Amma buna qədər müzakirə edilməli olan məsələlər var. Bu, təkcə təhlükəsizlik məsələsi deyil, həm də məhbuslarla (Bakıda məhkəmələri davam edən erməni separatçılarını nəzərdə tutur-red.) bağlı məsələdir. 

Bizə getmək çətindir… Orada eyni vaxtda saxlanılanların olduğunu bilə-bilə ora necə gedə bilərik? Mən optimistəm, amma konkret nəticə əldə olunmayana qədər məsələni müzakirə etməyəcəyik”, – o vurğulayıb.

Simonyan bildirib ki, bir çox beynəlxalq həmkarları ilə müqayisədə Azərbaycan parlamentinin sədri ilə görüşdə ab-hava daha yaxşı olub.

O əlavə edib ki, Azərbaycan parlament sədrinin sülhə sadiqliyini görüb.

“İkimiz də münaqişənin birdəfəlik bitməsini istəyirik. Onlar da gələcək üçün bütün sənədləşmə işlərinə nail olmaq istəyirlər. Ermənistan Konstitusiyası ilə bağlı heç bir problem yoxdur. 

Eyni zamanda, Azərbaycan 10-20 ildən sonra heç bir üçüncü qüvvənin, hətta xarici qüvvənin də iki keçmiş Sovet respublikasını bir-birinə qarşı qoymağa cəhd etməməsini istəyir. Mənim niyyətim də eynidir”, – Simonyan qeyd edib.

“Azərbaycan bildirir ki, Ermənistan ölkə ərazisinin 20 faizini işğal altında saxlayıb. Dialoqun baş tutması üçün öz mövqeyimizi formalaşdırmaqla yanaşı, qarşı tərəfin də mövqeyini anlamaq lazımdır.

Onlar hesab edirlər ki, SSRİ-nin dağılması məsələsi ikinci plana keçsin deyə beynəlxalq münaqişə qızışdırılıb və bu təxribat nəticəsində Rusiya qoşunlarının dəstəyi ilə Ermənistan qoşunları onların mövqelərini, ərazilərinin 20-30 faizini ələ keçirib. Dialoqun necə qurulacağını anlamaq üçün onların fikrini də bilməliyik”, – o vurğulayıb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki