image-pasinyan-yeni-son-1-900x472-1backend

Paşinyan Sensasion etiraflar etdi

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü Ermənistanın beynəlxalq silah bazarlarına çıxışında ciddi maneə yaradıb.

Referans Media xəbər verir ki, onun sözlərinə görə, bu amil əsas maneə olmasa da, mühüm əngəllərdən biri olub.

“Bizim KTMT-yə üzvlüyümüz beynəlxalq silah bazarına çıxış üçün ciddi maneə idi. Mən bunu birinci yox, üçüncü və ya dördüncü maneə adlandırardım, amma hər halda bu, real əngəl idi”, – deyə Paşinyan qeyd edib.

Baş nazir xatırladıb ki, 2022-ci ildə Ermənistanın yüz milyonlarla dollar dəyərində silah tədarükü ilə bağlı müqavilələri olsa da, həmin silahlar ölkəyə çatdırılmayıb. Onun sözlərinə görə, bu vəziyyət Ermənistanın təhlükəsizlik imkanlarına və ordunun təminatına birbaşa mənfi təsir göstərib.

Paşinyan eyni zamanda vurğulayıb ki, rəsmi İrəvanın ordunun yalnız müdafiə məqsədləri üçün və yalnız Ermənistanın suveren ərazisində istifadə olunacağına dair verdiyi bəyanatlar vəziyyəti dəyişib. Baş nazirin sözlərinə görə, məhz bu yanaşmadan sonra Ermənistan beynəlxalq silah bazarlarına çıxış imkanı əldə edib.

“Bu mövqe bizim üçün prinsipial idi və nəticədə Ermənistanın silah bazarlarında manevr imkanları genişləndi”, – deyə o əlavə edib.

Xatırladaq ki, Nikol Paşinyan daha əvvəl də açıqlamalarında Ermənistanın KTMT-də iştirakını faktiki olaraq dondurduğunu bildirmişdi. Onun sözlərinə görə, təşkilat öz fəaliyyəti ilə Ermənistanın təhlükəsizliyini təmin etmək əvəzinə, əksinə, respublikanın suverenliyinə və təhlükəsizliyinə təhdidlər yaradıb. Bu bəyanatlar fonunda İrəvanın xarici və hərbi-siyasi kursunda ciddi dəyişikliklərə getdiyi və Qərb ölkələri ilə əməkdaşlığı genişləndirməyə çalışdığı müşahidə olunur.

Analitiklər hesab edirlər ki, Paşinyanın bu açıqlaması Ermənistanın KTMT-dən uzaqlaşma xəttinin ideoloji əsaslandırılması və yeni təhlükəsizlik modelinə keçid cəhdinin açıq etirafı kimi dəyərləndirilə bilər./musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki