Paytaxt cəhənnəmə döndü: Gecə yarısı ard-arda partlayışlar baş verdi

Əfqanıstanın paytaxtı Kabildə gecə saatlarında güclü partlayışlar baş verib.

Referans Media xəbər verir ki, şəhərin müxtəlif nöqtələrində ard-arda böyük partlayış səsləri eşidilib.

Pakistan dövlət televiziyası “PTV News”in təhlükəsizlik mənbələrinə istinadən yaydığı məlumata görə, Pakistan ordusu Kabil, Qəndəhar və Pəktiya vilayətlərində yerləşən bəzi hərbi obyektləri məhv edib.

Mənbələr bildiriblər ki, Qəndəhar istiqamətində həyata keçirilən hava zərbələri nəticəsində sursat anbarı və logistik baza da sıradan çıxarılıb.

Sosial şəbəkələrdə Pakistanın döyüş təyyarələrinin bombardman həyata keçirdiyi iddia edilsə də, İslamabad rəhbərliyi tərəfindən bununla bağlı rəsmi açıqlama verilməyib.

Əfqanıstan hakimiyyətinin sözçüsü Zabihullah Mujahid sosial media platforması X üzərindən açıqlama yayaraq Pakistan ordusunun Kabil, Qəndəhar və Pəktiyadakı bəzi əraziləri bombaladığını təsdiqləyib. Lakin onun sözlərinə görə, hücumlar nəticəsində hər hansı insan itkisi qeydə alınmayıb.

“TOLO News”un yaydığı məlumata əsasən, Əfqanıstan Müdafiə Nazirliyi Pakistanın Durand xətti boyunca yerləşən mövqelərinə qarşı həyata keçirilən cavab əməliyyatlarının yerli vaxtla gecə saat 00:00-da başa çatdığını bildirib.

Bundan əvvəl Zabihullah Mücahid iki ölkə arasında sərhəd kimi qəbul edilən Durand xətti boyunca Pakistana məxsus hərbi obyektlərə qarşı genişmiqyaslı əməliyyatların başlandığını açıqlamışdı.

Pakistan İnformasiya Nazirliyi isə Əfqanıstanın əməliyyatlarına qarşı ölkənin təhlükəsizlik qüvvələrinin dərhal və effektiv cavab verdiyini bəyan etmişdi. Hazırda tərəflərin açıqladığı məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Bölgədə gərginlik yüksək səviyyədə qalmaqda davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki