Son dövrlərdə sosial rifahın yaxşılaşdırılması istiqamətində müxtəlif iqtisadi və sosial siyasət addımları müzakirə olunur. Dövlətin sosial müdafiə mexanizmlərinin gücləndirilməsi, əhalinin alıcılıq qabiliyyətinin qorunması və inflyasiyanın təsirlərinin yumşaldılması kimi məsələlər gündəmdə qalmaqda davam edir. Bu kontekstdə xüsusilə pensiya təminatı cəmiyyətin diqqət mərkəzində olan əsas istiqamətlərdən biridir. Pensiyaçıları ən çox düşündürən məsələlərdən biri də növbəti dövrlərdə pensiya artımlarının həyata keçirilib-keçirilməyəcəyidir.
Referans Media xəbər verir ki, bu barədə Demokrat.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, buna kompleks yanaşma tələb olunur:
“Cari fiskal siyasət çərçivəsi, xüsusilə də büdcə konsolidasiyası meyllərinin güclənməsi və inflyasiya təzyiqlərinin davam etməsi fonunda, eləcə də aidiyyəti qurumların indiyədək verdiyi mesajların təhlilinə əsasən demək olar ki, 2026-cı il ərzində pensiyaların əlavə artırılması istiqamətində hər hansı addımın atılması gözlənilmir. İqtisadi konyunktura kəskin şəkildə dəyişərsə, yəni geosiyasi proseslərin təsiri ilə yüksək inflyasiya səviyyəsi və qiymət artımı müşahidə olunarsa mövcud şəraitə uyğun olaraq hökumətin bu sahədə yeni qərarlar qəbul etməsi istisna edilmir. Əgər belə bir qərar qəbul olunarsa, pensiyaların artırılması ilk növbədə əhalinin aşağıgəlirli sosial qruplarının alıcılıq qabiliyyətinə müsbət təsir göstərəcək. Bu isə öz növbəsində ümumi məcmu tələbin artmasına, dolayısıyla iqtisadi aktivliyin genişlənməsinə, iqtisadi artım templərinin qismən sürətlənməsinə və məşğulluq imkanlarının artmasına şərait yarada bilər”.























