İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin tətbiq etdiyi dəniz blokadası ilə bağlı kəskin bəyanat yayıb.
O, Vaşinqtonun bu addımının bölgə xalqlarının maraqlarına, qlobal sülh və sabitliyə zidd olduğunu vurğulayıb.
Referans Media xəbər verir ki, Prezident Məsud Pezeşkian “Milli Fars (Bəsrə) Körfəzi Günü” münasibətilə yayımladığı mesajda bildirib ki, Bəsrə körfəzinin təhlükəsizliyi yalnız sahil ölkələrinin əməkdaşlığı ilə təmin edilə bilər.
O, regionun “təktərəfli xarici müdaxilələrə açıq bir zona” olmadığını qətiyyətlə vurğulayıb.
Bəsrə körfəzini İranın milli kimliyinin ayrılmaz hissəsi və ölkə suverenliyinin rəmzi kimi xarakterizə edən prezident, son blokada cəhdlərinin birbaşa İrana təzyiq məqsədi daşıdığını qeyd edib:
“Hər hansı bir dəniz blokadası və ticarət yollarına məhdudiyyət cəhdi uğursuzluğa məhkumdur. Bu addımlar beynəlxalq hüquqa və qlobal sabitliyə tamamilə ziddir”.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin birgə hücumları ilə başlayan müharibədən sonra İran strateji əhəmiyyətli Hörmüz boğazını bağlayıb. Bu qərar dünya bazarında neftin qiymətinin 80 faiz bahalaşmasına səbəb olub. Aprelin 8-də əldə olunmuş atəşkəsdən sonra Pakistanın vasitəçiliyi ilə keçirilən görüşlər nəticəsiz qaldığı üçün ABŞ aprelin 13-də İrana qarşı dəniz blokadası tətbiq etməyə başladı.
Bu çərçivədə İranla əlaqəli gəmilərə müdaxilələr qeydə alınıb. İran tərəfi aprelin 17-də Livanda atəşkəs əldə olunduğu üçün boğazın ticarət gəmilərinə (İran hərbi dəniz qüvvələri ilə koordinasiyalı şəkildə) açıq olduğunu elan etsə də, ABŞ-nin blokadanı dayandırmaması səbəbindən məhdudiyyətləri yenidən bərpa edib. Hazırda Oman dənizi və Hind okeanında gəmilərə qarşılıqlı müdaxilələr davam edir. Pezeşkian bölgədəki qeyri-sabitliyə görə birbaşa ABŞ və İsrailin məsuliyyət daşıdığını bildirib.sfera.az






















