Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.
Referans xəbər verir ki, dövlət başçısı İlham Əliyev qruplaşmanın özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğuladı.
Sözügedən qruplaşmanın özünü ləğv etməsini tarixi hadisə adlandıran və azərbaycanlıları da sevindirdiyini deyən Prezident bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd etdi.
Dövlət başçısı dedi ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.
Təbriklərə görə minnətdarlığını bildirən Yaşar Gülər, ilk növbədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Türkiyənin milli müdafiə naziri qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini dedi.
Söhbət zamanı Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunuldu, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulandı.
Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, əlaqələrin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu vurğulandı.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.