“Prezident İlham Əliyev artıq həm doğum günlərini, həm böyük, həm də milli bayramlarımızı ənənəvi hal olaraq Qarabağ və Şərqi Zəngəzurda qeyd edir. Bunun çox böyük bir simvolik mənası var. Ali Baş Komandanın sərkərdəliyi, komandanlığı və şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi ilə biz o torpaqlarımıza qovuşmuşuq. Orada bərpa, abadlıq, quruculuq, tikinti işləri görürük və bəlkə də dünyada eyni bölgədə sürətlə tikinti gedən bölgələr hal-hazırda Qarabağ və Şərqi Zəngəzurdur”.
Referans Media xəbər verir ki, bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərovbildirdi.
Onun sözlərinə görə, Azərbaycan dövləti necə ki, müharibə dövründə unikal beşinci nəsil müharibə modelini ortaya qoydu, indi də dinc dövrdə quruculuqla, tikinti ilə, bərpa ilə həmin bölgələri cənnətə çevirməklə məşğuldur:
“Bu, dövlətimizin gücünün, qüdrətinin göstəricisidir və cənab prezidentin Birinci vitse-prezident hörmətli Mehriban Əliyeva ilə birgə Novruz bayramını, əlamətdar bayramlarımızı o bölgədə keçirməsi, insanlarla sıx təmasda olması, sadə insanların evində olması, onlarla fikir mübadiləsi aparması və ümumiyyətlə özünün orada iştirakı hər bir azərbaycanlını qürurlandırır, fəxarət hissi doğurur. Çünki dövlət başçısı o bölgələrdə olanda mütləq surətdə orada yeni açılışlar edir, yeni təməlqoyma mərasimlərində iştirak edir və yaxud da ki, hər səfərində orada görülən işlərlə yerində tanış olur, öz tapşırıqlarını, tövsiyələrini verir”.
Millət vəkili vurğuladı ki, prezidentin o bölgələrimizə səfəri özü də bir bayrama çevrilir:
“Milli, tarixi keçmişə, ənənələrimizə bağlı olan Novruz bayramında İlham Əliyevin Mehriban xanımla birgə Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin, infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması və orada insanlarla birlikdə bayramı qeyd etməsi təbii ki, çox böyük bir hadisədir, çox rəmzi və simvolik məna daşıyır. Əvvəl bizim mənəvi yaramız olan, indi isə mənəvi qürurumuza, iftixarımıza çevrilən həmin bölgələrdə böyük yenidənqurma işlərinin, tikinti işlərinin və infrastruktur layihələrinin icrasının olması və insanların artıq oraya qayıdaraq öz dədə-baba yurdlarında ləyaqətlə, layiqli yaşamaları hər birimizi qürurlandırır və bu, həm də paralel olaraq Azərbaycan dövlətinin gücünü, qüdrətini özündə əks etdirir”.
