Pul qarşılığında narkotik tərkibli dərman yazan həkimə ağır cəza

Türkiyənin Konya şəhərində özəl klinikasında pul müqabilində narkotik xüsusiyyətli dərmanlar üçün resept yazdığı müəyyən edilən psixiatr Ferit Karaduman barəsində məhkəmə hökmü çıxarılıb.

Referans Media xəbər verir ki, Konya Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı həkimin əsasən narkotik asılılığı olan şəxslərə ödəniş qarşılığında xüsusi nəzarət altında olan dərman preparatları təyin etdiyi müəyyən edilib.

Toplanan sübutlar əsasında keçirilən əməliyyat nəticəsində Ferit Karaduman saxlanılıb və məhkəmənin qərarı ilə həbs olunub.

Konya 3-cü Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs özünü müdafiə edərək bildirib ki, məqsədi narkotik asılılığından əziyyət çəkən insanları müalicə etmək olub.

Onun sözlərinə görə, resept yazdığı şəxslər güvəndiyi pasiyentlər idi və fəaliyyəti kommersiya məqsədi daşımayıb.

Karaduman bəzi hallarda pasiyentlərlə sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə əlaqə saxlayaraq müalicə prosesi apardığını da qeyd edib.
15 il 9 ay azadlıqdan məhrum edildi

Məhkəmə təqdim olunan sübutları və istintaq materiallarını araşdırdıqdan sonra Ferit Karadumanı “narkotik və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi və təmin edilməsi” maddəsi ilə təqsirli bilib.

Qərara əsasən, psixiatr 15 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə həkimin müdafiə arqumentlərini qəbul etməyərək onun qanunsuz fəaliyyətlə məşğul olduğu qənaətinə gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki