Putin ölümsüzlüyün izinə düşdü: 26 milyard dollarlıq layihə başladı

Rusiya Prezidenti Vladimir Putinin insan ömrünü 150 ilə qədər uzatmaq məqsədi daşıyan iddialı layihəyə start verdiyi bildirilir.

Referans Media xəbər verir ki, Kremlin bu istiqamətdə həyata keçirdiyi proqramın ümumi dəyərinin təxminən 26 milyard dollar olduğu iddia olunur.

Məlumata görə, “Yeni Sağlamlığın Qorunması Texnologiyaları” adlı layihə çərçivəsində yaşlanma prosesini ləngidəcək gen terapiyaları, süni orqan istehsalı və regenerativ tibb sahəsində genişmiqyaslı araşdırmalar aparılır.

Layihənin əsas hədəflərindən biri 2030-cu ilə qədər laboratoriya şəraitində hazırlanmış orqanın ilk dəfə insana uğurla transplantasiya edilməsidir. Rusiyalı alimlər həmçinin 3D bioprint texnologiyası vasitəsilə insan orqanlarının yaradılması və gələcəkdə orqan çatışmazlığı probleminin aradan qaldırılması istiqamətində çalışırlar.

İddialara əsasən, proqramın idarə edilməsində Putinin qızı, endokrinoloq Maria Vorontsova və Kurçatov İnstitutunun rəhbəri Mixail Kovalçuk da iştirak edir.

Bununla yanaşı, layihə elmi dairələrdə birmənalı qarşılanmayıb. Bir sıra mütəxəssislər milyardlarla dollarlıq investisiyaya baxmayaraq, beynəlxalq elmi jurnallarda bu nəticələri təsdiqləyən kifayət qədər araşdırmanın olmadığını bildirirlər.

Ekspertlərin bir qismi isə 150 il ömür hədəfinin hazırkı elmi imkanlardan daha çox siyasi və strateji məqsədlərə xidmət etdiyini düşünür.

Qeyd edək ki, Vladimir Putin daha əvvəl insanların gələcəkdə 150 il yaşaya biləcəyini bildirmiş və tibbin inkişafının bu hədəfi reallaşdıra biləcəyini vurğulamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki