Rusiya prezidenti Vladimir Putin yalnız Ukraynadakı müharibədə öz vədlərinin yarısını yerinə yetirə bilib, lakin uzunmüddətli qlobal müttəfiqlər şəbəkəsi ciddi sınaqla qarşılaşıb.
Referans Media xəbər verir ki, bu barədə “Politico” saytı xüsusi məlumat yayıb.
Yazının müəllifi Yeva Hartoq qeyd edir ki, ABŞ prezidenti Donald Trampın gözlənilməz sərt mövqeyi Moskvanın həm regiondakı, həm də dünya səviyyəsindəki liderlik ambisiyalarını çətin vəziyyətə qoyub.
“Putin 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləni elan edərkən rus cəmiyyətinə bunun “tarixi missiya” olduğunu və ölkənin bir daha Qərbə doğru irəliləyəcəyini bəyan etmişdi. Kremlin təbliğatı bu hərbi əməliyyatı sovetlərin II Dünya müharibəsindəki qələbəsi ilə müqayisə edirdi. Lakin bu vədin yalnız yarısı gerçəkləşib: müharibə hələ də davam edir və indi sovetlərin nasistlərlə döyüşdüyü 1418 günlük müddəti də ötüb”, – deyə müəllif qeyd edib.
Hartoqun fikrincə, Ukraynada demək olar ki, dörd il davam edən müharibə Moskvanı zəiflədib. Rusiya ordusu və resurslarına ciddi itkilər dəyib. Bu ay Ukrayna raketinin hücumu nəticəsində təxminən 600 000 rusiyalı sərhəd bölgəsində, xüsusilə Belqorodda elektrik enerjisiz qalıb.
Eyni zamanda, Putinin 20 ildən çoxdur qurmağa çalışdığı beynəlxalq tərəfdaşlıq sistemi də çətin vəziyyətlə üzləşir. 2024-cü ilin sonlarında Əsəd rejiminin çökməsi Moskvanın Yaxın Şərqdə etibarlı müttəfiqini itirməsinə səbəb olub və bu, Rusiyanın bölgədəki təsirini zəiflədib.
“Bu həftələrdə ABŞ tərəfindən Venesuelanın prezidenti Nikolas Maduronun ələ keçirilməsi də Moskvanın ən yaxın müttəfiqlərini qorumaqda çətinlik çəkdiyini göstərir. Maduro keçən il Putin tərəfindən Moskvadakı Qələbə Günü paradına dəvət edilmişdi və onun ələ keçirilməsi diplomatik nöqteyi-nəzərdən Rusiyanın nüfuzuna böyük zərbə vurub.
Vaşinqton Rusiya bayrağı altında üzən neft tankerini müsadirə etdi. Bu ardıcıl zərbələr Kremlin müttəfiqlərini qorumaqda çətinlik çəkdiyini göstərdi”, – deyə yazıda qeyd olunub.musavat.com






















