Türkiyənin “Qalatasaray” futbol klubu Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) müraciət edərək komandanın hollandiyalı yarımmüdafiəçisi Noah Lanqın zədəsinin qiymətləndirilməsini tələb edib.
Referans Media xəbər verir ki, bu barədə klubun baş katibi Eray Yazqan “HT Spor”a açıqlama verib. Qeyd edək ki, Lanq Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci oyununda “Liverpul”la matçda baş barmağından ciddi zədə alıb. İkinci hissənin sonlarında topu ələ keçirərkən Lanqın baş barmağı stadionun metal hasarının parçaları arasında qalıb. Yarımmüdafiəçi yerə yıxılıb, ağrıdan qışqırıb və çoxlu qanaxma keçirib.
Jurnalist Yağız Sabuncuoğlu X səhifəsində Lanqın baş barmağının kəsildiyini yazıb. O, meydanı xərəkdə tərk edib və xəstəxanaya aparılıb. “Qalatasaray”ın mətbuat xidməti bildirir ki, Lanq tezliklə əməliyyat olunacaq.
Baş katib Yazqan bildirib: “Oyundan sonra bu məsələ ilə bağlı UEFA nümayəndələrinə şikayət etdik. UEFA vəziyyəti qiymətləndirəcək və biz vəkillərlə məsləhətləşmələr aparırıq. UEFA-ya kompensasiya tələbi ilə müraciət edəcəyik və iddialarımızın nəzərdən keçirilməsini tələb edəcəyik. Əgər tələbimiz təmin edilməsə, məhkəmə iddiası qaldırıla bilər. Oyunçularımızın sağlamlığı bizim üçün prioritetdir”.
Oyun 18 martda “Liverpul”da keçirilib və ingilis komandasının 4-0 hesablı qələbəsi ilə başa çatıb. “Qalatasaray” isə Türkiyədə 1-0 hesablı qələbə qazanıb. 26 yaşlı Lanq İtaliyanın “Napoli” klubundan icarə əsasında “Qalatasaray”da çıxış edir. O, daha əvvəl Hollandiyanın “Ayaks”, “Tvente” və PSV klublarında, həmçinin Belçikanın “Klub Brügge” klubunda oynayıb. Yarımmüdafiəçi üçqat Hollandiya çempionu, ikiqat Belçika çempionu və İtaliya Superkubokunun qalibidir.
