Qətərdə yüksək səviyyəli fövqəladə xəbərdarlıq elan edildi

Qətərin paytaxtı Doha şəhərində hava hücumundan müdafiə sistemləri işə düşüb və bir neçə güclü partlayış səsi eşidilib. Yerli vaxtla 12:00–12:30 aralığında şəhərin müxtəlif nöqtələrindən ardıcıl partlayış səsləri gəldiyi bildirilib.

Hadisədən sonra təhlükəsizlik qüvvələri strateji ərazilərdə gücləndirilmiş tədbirlər görüb. Qətər Daxili İşlər Nazirliyi isə daha əvvəl Dohadakı ABŞ səfirliyinin ətrafında yaşayan sakinləri təhlükəsizlik səbəbilə təxliyə etmişdi. Ölkədə təhlükə səviyyəsinin yüksəldiyi barədə yüksək səviyyəli fövqəladə xəbərdarlıq elan olunub.

Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İranla danışıqlar davam etdiyi bir vaxtda bu ölkəyə hərbi hücumlar həyata keçirib. İran isə buna cavab olaraq İsrail ilə yanaşı ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, BƏƏ və Bəhreyn kimi ölkələrdə bəzi hədəflərə zərbələr endirib.

İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur bildirib ki, ABŞ və İsrailin hücumları nəticəsində 926 nəfər həyatını itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki