Qızıl nə vaxt ucuzlaşacaq?

Yaxın Şərqdə davam edən gərginlik və ABŞ prezidenti Donald Trampın verdiyi ziddiyyətli mesajlar qlobal iqtisadiyyatda qeyri-müəyyənliyi artırmağa davam edir.

Referans Media xəbər verir ki, yüksək inflyasiya və mərkəzi bankların faiz artımı ehtimalı qızılın investisiya cəlbediciliyini zəiflədir. ABŞ və İsrailin İrana hücumlarından sonra bölgədə gərginliyin azalmaq əvəzinə daha da artması bazarlarda nikbinliyi azaldıb.

Bu vəziyyət qızıl qiymətlərində son bir ayın ən aşağı həftə başlanğıcına səbəb olub.

Donald Tramp İranla bağlı planlaşdırılan yeni hücumun təxirə salındığını açıqlasa da, "tezliklə nə olacağını bilirlər" sözləri ilə gərginliyi artırıb. Bu açıqlamalar bazarlarda qeyri-müəyyənliyi daha da gücləndirib. Analitiklər bildirirlər ki, neft qiymətlərinin yüksəlməsi inflyasiyanı artırır və bu da mərkəzi bankların faiz endirimlərinə daha ehtiyatla yanaşmasına səbəb olur. Yüksək faiz mühiti isə faiz gəliri olmayan qızılın cəlbediciliyini azaldır. Güclənən dollar da qızıl qiymətlərinə təzyiq göstərir. "JPMorgan" investor tələbatındakı zəifləməni əsas gətirərək 2026-cı il üzrə orta qızıl qiyməti proqnozunu aşağı salıb. Digər beynəlxalq investisiya bankları da yaxın aylarda qızıl bazarında əsasən sabit və zəif hərəkətin davam edəcəyini proqnozlaşdırır. Bazarda ümumi gözlənti isə yay aylarında qızılın böyük sıçrayış etmədən sabit qalacağı, payız aylarından etibarən isə yenidən canlanmanın baş verə biləcəyidir./milli.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki