Real Madridin baş məşqçisi Alvaro Arbeloa, UEFA Çempionlar Liqasında Benfika ilə keçiriləcək matçı öncəsi təşkil olunan mətbuat konfransında milli futbolçu Arda Güler haqqında tərif dolu fikirlərini bölüşüb.
Referans Media xəbər verir ki, Çempionlar Liqasının 8-ci və son turunda Real Madrid səfərdə Benfika ilə qarşılaşacaq.
Mətbuat konfransında Arbeloaya Arda Güler ilə bağlı sual verilib: “Arda Güler komandada liderliyi üzərinə götürməyə hazırdırmı?”
Arbeloa isə bu suala belə cavab verib: “Hazırda yalnız Arda ilə bağlı şəxsi müşahidələrimi deyə bilərəm. O, möhtəşəm xüsusiyyətlərə malikdir; böyük bir istedadı var, oyun görüşü mükəmməl, son pası çox yaxşıdır və oyunun gedişatını dəyişmək bacarığı var. Bunu son matçda Villarrealə qarşı da gördük. Məncə, onu daha yaxşı istifadə etməliyik. Hələ çox gəncdir və inkişaf etmək üçün böyük potensialı var, amma son dərəcə çalışqandır. Matçları, xüsusən də müdafiədə göstərdiyi əziyyətli işə görə tam bitkin vəziyyətdə tamamlayır və bu sahədə komandaya çox kömək edir. Ardanın müdafiəyə verdiyi töhfə həqiqətən vacibdir. Onun istedadından faydalanmaq istəyirik. O, topu müdafiədən çıxarmaqda geridə bizə kömək edə bilər, irəlidə isə son pası verə bilər. Bu cür vəziyyətlərdə də inkişaf etməyə davam edəcək. Çətin matçlarda komandaya mütləq yardımçı olacaq. Zaman keçdikcə, təcrübə topladıqca dünya səviyyəsində önəmli bir oyunçu olacağına inanıram.”
20 yaşlı futbolçu bu mövsüm Real Madrid forması ilə 32 matçda 3 qol, 11 assistlik performans göstərib.
Alman futbol portalı Transfermarkta görə, Arda Gülerin bazar qiyməti 90 milyon avro olaraq göstərilib.
