Fransanın "Lill" klubu baş məşqçi postuna Davide Ançelottinin təyin olunduğunu rəsmən açıqlayıb.
Referans Media xəbər verir ki, 36 yaşlı italiyalı mütəxəssis Fransa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Beləliklə, məşhur məşqçi Karlo Ançelottinin oğlu olan Davide Ançelotti karyerasında ikinci dəfə baş məşqçi kimi fəaliyyət göstərəcək.
"Lill" rəhbərliyi yeni mövsüm öncəsi məşqçi axtarışlarını yekunlaşdıraraq seçimini gənc mütəxəssisdən yana edib. Klubun yaydığı açıqlamada Davide Ançelottinin komandanın yeni baş məşqçisi olduğu təsdiqlənib.
Davide Ançelotti daha əvvəl Braziliyanın "Botafoqo" klubunda baş məşqçi kimi çalışıb. Bundan əvvəl isə uzun illər atası Karlo Ançelottinin məşqçilər korpusunda yer alaraq Avropanın aparıcı klublarında mühüm təcrübə qazanıb.
O, "Bavariya", "Napoli", "Everton", "Real Madrid" və Braziliya milli komandasında köməkçi məşqçi kimi fəaliyyət göstərib.
"Lill" rəhbərliyi Davide Ançelottinin rəhbərliyi altında həm Fransa Liqa 1-də, həm də Avropa kuboklarında uğurlu nəticələr əldə etməyi hədəfləyir.
Qeyd edək ki, son günlər Fransa klubunun baş məşqçi postuna namizədlər arasında Türkiyə millisinin sabiq futbolçusu Burak Yılmazın da adı hallanırdı. Lakin Davide Ançelotti ilə müqavilənin imzalanması bu iddialara son qoyub.
