Rusiya ABŞ-ın Ukrayna ilə bağlı planının “Cenevrə” variantını almayıb – Kreml

Dmitri Peskov qeyd edib ki, Kreml “əvvəllər Moskvaya göndərilən mətndə bəzi düzəlişlər edildiyini” müşahidə edib.

“Referans MEDİA”-nın məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualına cavab olaraq bildirib ki, Cenevrədə ABŞ və Ukrayna arasında məsləhətləşmələr zamanı düzəlişlər edilmiş Ukrayna nizamlama planının Amerika variantının rəsmi mətnini Rusiya indiyədək almayıb.

“Hələ ki, heç bir plan görməmişik, Cenevrədə keçirilən müzakirələrdən sonra verilən bəyanatları oxumuşuq. “Hələ rəsmi olaraq heç nə almamışıq”.

Peskov qeyd edib ki, Kreml “əvvəllər Moskvaya göndərilən mətndə bəzi düzəlişlər edildiyini” müşahidə edib.

Bir gün əvvəl ABŞ və Ukrayna Vaşinqtonun 28 bəndlik “sülh planı” ilə bağlı məsləhətləşmələr aparıb. Dövlət katibi Marko Rubio görüşü bütün münaqişənin indiyədək ən məhsuldar görüşü adlandırıb. Ukrayna mediası Vaşinqton və Kiyevin planın böyük hissəsi üzrə razılığa gələ bildiyini yazıb. Rubio bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın Avropaya inteqrasiyası və NATO-ya üzvlüyü ilə bağlı ayrı-ayrı danışıqlara keçməyə razılaşıb.

Qərb mətbuatının məlumatına görə, ABŞ-ın “sülh planı”nın ilkin versiyasında Ukraynanın NATO-ya qoşulmaqdan çəkinməsi və alyansın Kiyevi inteqrasiya etməmək öhdəliyi, eləcə də Vaşinqton və digər ölkələr tərəfindən Rusiyanın Krım və Donbass üzərində suverenliyinin tanınması, Ukrayna qüvvələrinin Donetsk Xalq Respublikasından çıxarılması, Ukraynada rus dilinin rəsmi statusu, Ukrayna ordusunun sayının məhdudlaşdırılması və Rusiya əleyhinə sanksiyaların ləğvi nəzərdə tutulurdu. Avropa Birliyi liderləri bu müddəalarla razılaşmadılar və əks təkliflər hazırlamağa başladılar.

Referans MEDİAXəqani Əzizli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki