“WhatsApp” şirkəti açıqlayıb ki, Rusiya tətbiqi tamamilə bloklamağa çalışır. Bu addımın məqsədinin istifadəçiləri dövlət dəstəyi ilə işləyən Max tətbiqinə yönləndirmək olduğu bildirilir.
Referans Media xəbər verir ki, “WhatsApp” sözçüsü “Guardian” qəzetinə açıqlamasında deyib: “100 milyondan çox istifadəçini təhlükəsiz və şəxsi ünsiyyətdən məhrum etməyə çalışmaq geriyə addımdır və insanların təhlükəsizliyini azaldır.”
Şirkət, bloklama təşəbbüsünün hansı mərhələdə olduğunu açıqlamayıb.
Bu addım, Kremlin Qərb texnologiyalarından asılı olmayan və dövlət nəzarətinə açıq “suveren internet” yaratmaq hədəfi ilə bağlıdır. Son vaxtlar Rusiyada sosial media və mesajlaşma tətbiqlərinə təzyiqlər artıb, “Telegram”da yavaşlatmalar isə geniş etirazlara səbəb olub.
“Telegram”ın qurucusu Pavel Durov, tətbiqdəki giriş problemlərindən sonra Rusiyalı rəsmiləri tənqid edərək bildirib: “Vətəndaşların azadlığını məhdudlaşdırmaq doğru yol deyil.”
Çinin “WeChat” tətbiqindən ilhamlanan və təxminən 55 milyon istifadəçisi olan Max, dövlət tərəfindən dəstəklənir və keçən il yeni telefonlara əvvəlcədən yüklənmişdi. Dövlət mediası, tətbiqin nəzarət məqsədi ilə istifadə oluna biləcəyi iddialarını rədd edib.
Rusiya ərazisində ən az 100 milyon istifadəçisi olan “WhatsApp”, ölkənin ən geniş yayılmış mesajlaşma tətbiqi olaraq qalır. Kremlin sözçüsü Dmitriy Peskov bildirib ki, əgər Meta Rusiya qanunlarına uyğunlaşsa, yenidən dialoq qurula bilər, əks halda isə razılaşma mümkün olmayacaq.
