Sabunçuda zamanın dayandığı yer: Adil Vəliyevin icra olunmayan 5 şərti

Paytaxtın Bakıxanov qəsəbəsindəki yarmarkanı bir neçə dəfə sökmək istəsələr də elə bil tilsimə düşüb. Hansısa sehrli əl, gözəgörünməz himayədar buna mane olur. Camaat arasında “Razin tolkuçkası” kimi tanınan, 4 ha ərazini əhatə edən bazar 1995-ci ildən fəaliyyət göstərir. Bu obyekt Bakıxanov, Qaraçuxur qəsəbələri və 8-ci km yaşayış sahəsinə gedən yolların kəsişməsində yerləşir. Xüsusən hərəkətin pik saatlarında orada çox qarmaqarışıqlıq yaranır. Bazarın bir tərəfindən o biri tərəfinə gedib çatmaq üçün tıxaclarda gözləməli olursan. Əvvəl də, indi də vəziyyət belədir. Ərazidə səliqə-səhman yaratmaq üçün bir neçə dəfə təşəbbüs irəli sürülüb. Satıcılara başqa yerlərdə ticarət üçün şərait yaradılacağı vədi ilə oranı sökmək istəyiblər ki, ərazi genişlənsin, gediş-gəliş yaxşılaşsın, bazarın fəaliyyəti nəticəsində yaranmış natəmizlik aradan qaldırılsın. Amma bir müsbət nəticəyə nail ola bilməyiblər.

2015-ci ildə “Razin tolkuçkası”nı sökmək üçün yenə cəhd olunanda obyektin sahibi Hacı Fərhad Mirzəyev ilə Sabunçu icra başçısı Adil Vəliyev arasında qalmaqal olmuşdu.

Sabunçunun icra başçısı yarmarkanı sökdürməyə qalxsa da, ticarətçilərin etirazından sonra iş dayanmışdı. Natəmizlik, darısqallıq, tıxac yaradan “Razin tolkuçka”sında indi də şərait demək olar ki, dəyişməyib. Hacı Fərhadla icra başçısı Adil Vəliyev o vaxt necə “anlaşıblarsa”, bu günə qədər söküntü işləri “dondurulub”. Halbuki hələ 2014-cü ildə Sabunçu Rayon İcra Hakimiyyəti “Razin tolkuçka”sı kimi tanınan “AzərBiznes” ticarət mərkəzinin müasir standartlara cavab verilməsi üçün zəruri tədbirlərin görülməsi barədə xüsusi göstəriş verib.

İcra Hakimiyyətinin başçısı Adil Vəliyev “AzərBiznes” ticarət mərkəzinin direktoru Vahid Abdulov və həmin şirkətin bir neçə satıcısını qəbul edərək onların qarşısında 5 şərt (tıxac problemi, insanlar arasına baş verəcək kriminal hadisələrin və bazara nəzarətin gücləndirilməsi üçün mühafizə polisi ilə müqavilə bağlanılması, əraziyə 50 ədəd nəzarət kameralarının quraşdırılması, sanitar vəziyyətə xüsusi diqqət yetirilməsi və bazarın ərazisində müasir standartlara cavab verən yeraltı və ya yerüstü avtomobil dayanacağı olan müasir ticarət mərkəzinin tikilməsi) qoyub.

Bu görüşdən düz 12 il keçsə də demək olar ki, heç nə dəyişməyib. Elə cənab Adil Vəliyev vəzifəsi də dəyişməyib. Bəlkə vəziyyətin dəyişməməsinin əsl səbəbi elə bu amildir.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki