Son illər kənd təsərrüfatında həyata keçirilən islahatlar, özünütəminetmə göstəricilərində artım və iri suvarma layihələri hökumətin aqrar siyasətinin əsas uğurları kimi təqdim olunur. Lakin ekspertlər hesab edirlər ki, əldə olunan nəticələrə baxmayaraq, fermerlərin üzləşdiyi bir sıra fundamental problemlər hələ də həllini tapmayıb.
Mövzu ilə bağlı Referans Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, son 10 ildə aqrar sahədə həyata keçirilən islahatlar kənd təsərrüfatının inkişafına müəyyən müsbət təsirlər göstərib.
Onun sözlərinə görə, subsidiyaların genişləndirilməsi, aqroparkların yaradılması, elektron kənd təsərrüfatı sisteminin tətbiqi və suvarma infrastrukturunun yaxşılaşdırılması nəticəsində bəzi məhsullar üzrə istehsal həcmləri artıb, özünütəminetmə göstəricilərində irəliləyiş əldə olunub:
"Xüsusilə iri suvarma layihələri su çatışmazlığının daha kəskin olduğu bölgələrdə əkin sahələrinin qorunmasına və məhsuldarlığın yüksəlməsinə kömək edib."
Bununla yanaşı, ekspert hesab edir ki, kənd təsərrüfatının bütün problemlərinin həll olunduğunu söyləmək çətindir.
"Fermerlər hələ də su qıtlığı, istehsal xərclərinin artması, texnika və gübrə qiymətlərinin bahalaşması, məhsulların satışında çətinliklər və bazar qiymətlərindəki dəyişkənlik kimi problemlərlə üzləşirlər. Kiçik və orta fermer təsərrüfatları bəzi hallarda dövlət dəstəyi proqramlarından böyük təsərrüfatlar qədər faydalana bilmədiklərini qeyd edirlər."
A.Nəsirli vurğulayıb ki, islahatların təsiri regionlara, təsərrüfatların ölçüsünə və fəaliyyət istiqamətlərinə görə fərqlənir:
"Bəzi fermerlər məhsuldarlığın və gəlirlərin artdığını hiss etsələr də, digərləri üçün gündəlik problemlər hələ də əsas narahatlıq olaraq qalır."
Ekspertin fikrincə, əldə olunan nəticələri müsbət qiymətləndirməklə yanaşı, kənd təsərrüfatında mövcud struktur problemlərin tam aradan qaldırılması üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var.
Gülnaz Abdullazadə
