image-qocabackend

Sağlam ömür 61 yaşdan aşağı düşdü – RƏQƏMLƏR

Böyük Britaniyada yayımlanan yeni hesabat ölkə əhalisinin sağlam ömür uzunluğunda ciddi azalma olduğunu ortaya qoyub.

 

Referans Media  xəbər verir ki, BBC-nin məlumatına əsasən, son 10 il ərzində britaniyalıların sağlam şəkildə keçirdiyi illərin orta göstəricisi təxminən 2 il azalaraq həm kişi, həm də qadınlar üçün 61 yaşın altına enib. Böyük Britaniya müqayisə edilən 21 yüksək gəlirli ölkə arasında sağlam ömür uzunluğu azalan beş ölkədən biridir və bu azalma “ikinci ən kəskin eniş” kimi qiymətləndirilib.

 

Araşdırmalar göstərir ki, bu vəziyyət ciddi iqtisadi və sosial nəticələrə gətirib çıxarır və bu prosesin “dönüş nöqtəsi” kimi qəbul edilməsinin vacibliyi xüsusi olaraq vurğulanır. Mütəxəssislər azalmaya təsir edən əsas amillər sırasında yoxsulluq, qeyri-kafi yaşayış şəraiti, piylənmə və COVID-19 pandemiyasının fəsadlarını göstərib. Hesabatda diqqət çəkən məqamlardan biri də sosial bərabərsizlikdir.

 

Britaniya Milli Statistika İdarəsinin məlumatlarına əsasən ən varlı 10 faiz əhali ən yoxsul bölgələrdə yaşayanlarla müqayisədə təxminən 20 il daha uzun və sağlam yaşayır. İngiltərədə ən yüksək sağlam ömür uzunluğu Londonun Riçmond rayonunda qeydə alınıb. Burada kişilər üçün göstərici 69, qadınlar üçün isə 70 ildir. Ən aşağı nəticələr isə Blekpulda kişilər üçün 51 il, Hartlpulda isə qadınlar üçün 51 il olaraq göstərilib.

 

Səhiyyə Fondu xəbərdarlıq edərək bildirib ki, ümumi ömür uzunluğu sabit qalsa da insanların sağlam keçirdiyi illərin azalması ölkənin səhiyyə sistemi və sosial siyasəti üçün ciddi problemdir və bu sahədə təcili tədbirlərin görülməsini tələb edir./sfera.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki