Son dövrlər ölkədə çayların səviyyəsinin aşağı düşməsi və su ehtiyatlarının azalması ilə bağlı narahatlıq artır. Bu vəziyyət həm kənd təsərrüfatına, həm də əhalinin gündəlik tələbatına birbaşa təsir göstərir. İqlim dəyişiklikləri və artan istehlak fonunda “Azərbaycanda real su qıtlığı riski varmı?” sualı daha tez-tez səslənir. Mövcud ehtiyatların qorunması və səmərəli idarə olunması artıq strateji məsələ kimi gündəmdədir. Bəs mümkün böhranın qarşısını almaq üçün hansı konkret addımlar atılmalıdır?
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ekoloq Ənvər Əliyev bildirib ki, Azərbaycanın hamısı bir yerdə olmaqla, 4,1 milyard km³ su ehtiyatı var.
Ekoloqun sözlərinə görə, Şirin sular 2 cür olmaqla, içməli, heyvandarlıq-təsərrüfat üçün suvarma sistemlərində nəzərdə tutulur.
“Azərbaycandakı su ehtiyatlarını normal istifadə etsək bu problem heç vaxt ola bilməz”
“Məsələ ondadır ki, şəhərin özünə sular 300 km-dən gəlir. Və çox pərakəndə halda, heç bir qənaət sistemi olmadan sular israf edilərək istifadə olunur”, — deyə Ə. Əliyev vurğulayıb.
“Mən dünyanın ən çox sulu ölkələrində, Norveç və Kanadada olmuşam. Orada bizdə baş verən israfı görməmişəm. Hər biri qramla hesablanır”, — deyə ekoloq qeyd edib.
Ən vacib məqama toxunan ekoloq quraqlıq məsələsindən danışıb:
“Bir xeyli quraqlıq dövrü vardı və yağıntılar az idi. Amma son dövrlər bu problem də aradan qalxır. Bizə qərbdən daxil olan hava kütlələri xeyli yağıntılar gətirəcək. Son iki ildə Naxçıvanın 40 faizə qədər quraq yerlərinə yağıntılar artıb. Bu il rayonlarda, dağlarda külli miqdarda qar ehtiyatı toplanıb”.
“Aralıq dənizi boyu, o cümlədən İranda, Türkiyədə, İsraildə yağıntılar az olurdu. Amma indi yavaş-yavaş artım başlayıb. 30-40, bəzən 50 ildən bir quraqlıq və ya yağıntılı dövr bir-birini əvəz edir. Bizim ərazimizə isə əsasən şimal və qərb küləkləri bunu gətirir. Bu da Cənub-Qərbi Avrasiyanı rütubətlə təmin edən əsas amildir. Son dövrlər burada da yağıntılar artıb”, — deyə Ənvər Əliyev əlavə edib.
“Əgər təbii və tarixi qanunauyğunluqlar baş versə, yavaş-yavaş bizdə də artmalar olacaq və problem aradan qalxacaq. Bizim əsas istifadə etdiyimiz su mənbələri boş yerə, sel vasitəsilə yaz qabağı, ən çox yağıntılı dövrdə, may və yayın əvvəlində axıb gedir. Ona görə də bizim Coğrafiya İnstitutunun 20-30 il öncə etdiyi böyük təklifləri ilə sel sularının anbarlara daşınması həyata keçirildi. Böyük Qafqazın cənub yamacı ilə, ümumiyyətlə Azərbaycanda 44 su anbarının tikintisi məsələsi gündəmdə vardı. Hələlik su anbarlarının simvolları göstərilir. Daha çox Ağ su, Girdiman çayı və 1957-ci ildə tikilən məşhur Cavanşir gölü var ki, onun təxminən 5 milyon kub metr tutumu var. Təmizləmək və onu həm suvarmada, həm də heyvandarlıqda istifadə etmək üçün çox gözəl bir variantdır. Amma hələlik işə başlanılmayıb. İndidən su gətirən kanalların təmizlənməsinə başlanılsa, Çox gözəl bir nəticə verər. Çünki ən gözəl su ehtiyatlarıdır. Sudan az istifadə etmək mədəniyyətdir. Elə ölkələr var ki, onlar gözləyirlər ki, əhali artdıqca, sudan istifadə çoxalacaq. Onlar da suyu neftdən də baha qiymətə satacaq deyə düşünürlər”, ekoloq sonda vurğulayıb.






















