İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında iki gəminin ələ keçirilməsi əməliyyatının görüntülərini yayımlayıb. Kadrlarda silahlı hərbçilərin sürətli qayıqlarla gəmilərə yaxınlaşaraq onların nəzarətini ələ keçirdiyi əks olunub.
Referans Media xəbər verir ki, “MSC Francesca” və “Epaminondas” adlı iki gəmi dəniz təhlükəsizliyi qaydalarını pozduqları və icazəsiz hərəkət etdikləri iddiası ilə saxlanılıb. Daha sonra bu gəmilər İran sahillərinə istiqamətləndirilib.
Rəsmi açıqlamada bildirilib ki, Hörmüz boğazında təhlükəsizliyin pozulması İran üçün “qırmızı xətt” hesab olunur və bu cür hallara qarşı dərhal müdaxilə edilir.
Hadisə bununla da məhdudlaşmayıb. Bölgədə daha üç konteyner gəmisinin atəşə tutulduğu bildirilib. Müxtəlif bayraqlar altında üzən bu gəmilərdən bəzilərinə zərər dəysə də, ekipaj üzvlərinin təhlükəsiz olduğu qeyd olunur.
Məlumatlara əsasən, hücumlar zamanı silahlı qayıqların gəmilərə yaxınlaşdığı və atəş açdığı bildirilib. Bəzi hallarda isə radio əlaqəsi qurulmadan müdaxilə edildiyi iddia olunur.
Qeyd edək ki, ABŞ daha əvvəl İranla əlaqəli iki ticarət gəmisini ələ keçirmişdi. Tehran bu addımı “dəniz quldurluğu” kimi qiymətləndirərək cavab veriləcəyini bəyan etmişdi.
Son hadisələr İran ilə ABŞ arasında artan gərginliyin dənizdə də təhlükəli mərhələyə keçdiyini göstərir. Ekspertlər bölgədə vəziyyətin daha da kəskinləşə biləcəyi barədə xəbərdarlıq edir.























