Norveç Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eirik Kristoffersen Rusiyanın gələcəkdə nüvə potensialını qorumaq məqsədilə Norveçə qarşı hərbi addım ata biləcəyi ehtimalını tamamilə istisna etmədiklərini bildirib. O, xüsusilə ölkənin şimalındakı strateji ərazilərin risk altında ola biləcəyini vurğulayıb.
Referans Media xəbər verir ki, “Guardian” nəşrinə müsahibəsində Kristoffersen qeyd edib ki, Moskvanın Ukraynadakı kimi genişmiqyaslı işğal planı olduğuna dair konkret məlumat yoxdur. Lakin Rusiyanın nüvə imkanlarını təhlükəsiz saxlamaq üçün müəyyən “ərazi qazancı” variantını gündəmdə saxlaya biləcəyi ehtimalı nəzərdən keçirilir. Onun sözlərinə görə, Rusiyanın ABŞ-ni təhdid edə bilən əsas gücü məhz nüvə arsenalıdır.
Baş Qərargah rəisi xatırladıb ki, Rusiyanın nüvə arsenalının mühüm hissəsi Norveç sərhədinə yaxın yerləşən Kola yarımadasındadır. Həmin ərazidə nüvə sualtı qayıqları, quru bazalı raket sistemləri və nüvə başlığı daşımaq qabiliyyətinə malik aviasiya vasitələri yerləşdirilib. Bu qüvvələr mümkün NATO-Rusiya qarşıdurmasında strateji əhəmiyyət daşıyır.
Kristoffersen bildirib ki, Norveç yalnız klassik hərbi müdaxilə ssenarilərinə deyil, həm də sabotaj və hibrid təhdidlərə qarşı hazırlıq görür. Bununla yanaşı, Oslo ilə Moskva arasında axtarış-xilasetmə əməliyyatları çərçivəsində məhdud hərbi əlaqələrin davam etdiyini qeyd edib və yanlış anlaşılmaların qarşısını almaq üçün birbaşa kommunikasiya kanallarının vacibliyini vurğulayıb.
O, eyni zamanda ABŞ Prezidenti Donald Trampın NATO müttəfiqlərinin Əfqanıstanda cəbhədə iştirak etmədiyi barədə açıqlamalarını tənqid edərək bu fikirləri “qəbulolunmaz” adlandırıb.
Norveç rəsmisi Arktika bölgəsində gərginliyin Baltik dənizi ilə müqayisədə daha aşağı səviyyədə olduğunu desə də, regiondakı hərbi aktivliyin diqqətlə izlənildiyini bildirib.
