ABŞ ilə İran arasında gərginlik davam edərkən, İngiltərə mətbuatında diqqət çəkən bir iddia ortaya atılıb. Analitik yazıya görə, ABŞ-ın İranda əsas hədəfinin ölkənin neft ixracının böyük hissəsinin həyata keçirildiyi Xark adası olduğu bildirilir.
Referans Media xəbər verir ki, İngiltərənin nüfuzlu nəşri “The Telegraph” tərəfindən yayımlanan təhlildə qeyd olunur ki, ABŞ adanı nəzarətə götürməklə İran iqtisadiyyatına ciddi zərbə vurmağı hədəfləyə bilər.
Məlumata görə, ABŞ Xark adasında tam nəzarəti ələ keçirsə, İran üçün böyük iqtisadi problemlər yarana bilər. Çünki İranın xam neft ixracının təxminən 90 faizi məhz bu adadan həyata keçirilir.
Analizdə iddia olunur ki, ABŞ bu addım vasitəsilə İranın iqtisadi vəziyyətini daha da ağırlaşdıraraq siyasi təzyiqi artırmaq niyyətindədir.
Təhlildə qeyd edilir ki, Donald Tramp İran iqtisadiyyatındakı zəiflikdən siyasi alət kimi istifadə edə bilər. İran büdcəsinin təxminən 40 faizi neft gəlirlərindən formalaşır və Xark adasının itirilməsi ölkədə iqtisadi böhranı daha da dərinləşdirə bilər.
Xatırladılır ki, 2025-ci ilin sonunda iqtisadi çətinliklər səbəbindən ölkədə genişmiqyaslı etiraz aksiyaları baş vermişdi.
Digər tərəfdən, “CNBC”nin peyk məlumatlarına əsaslanan xəbərinə görə, Hörmüz boğazı bağlı olsa belə, İran izləmə sistemlərini söndürərək “qaranlıq tanker” adlanan gəmilərlə müharibə başlayandan bəri Çinə təxminən 12 milyon barel neft çatdırıb.
Bundan əlavə, “The Wall Street Journal” yazır ki, müharibəyə baxmayaraq İran neft ixracını davam etdirir. Tanker izləmə şirkəti Kpler-in məlumatına görə, 28 fevraldan bu yana gündə orta hesabla 2,1 milyon barel İran nefti tankerə yüklənir və bu rəqəm fevral ayındakı göstəricidən bir qədər yüksəkdir.























