Məlum olduğu kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyatla bir qrup adamın qaçaqmalçılıq fəaliyyəti müəyyən edilərək həbslər aparılıb.
Referans Media xəbər verir ki, həbs olunanlar arasında Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov da var. Bu şəxs istefada olan general-mayor Cəbrayıl Usubovun oğludur. Cəbrayıl müəllim xeyli müddət Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) rəis müavini vəzifəsində işləyib. Lakin 2019-cu ildə işdən azad olunub. Həmin vaxt XDMX rəisi Bəylər Eyyubov olub.
Qəribədir ki, Dövlət Gömrük Komitəsinin əsas qaçaqmalçı əməkdaşları bu iki generalın doğmalarıdır: Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov və Cəbrayıl Usubovun oğlu Fərid Usubov.
İndi Cəbrayıl müəllim özü məsələdən xəbərsiz kimi qələmə verir. “Bu həbsdən mənim də sizin qədər məlumatım var. Hələ heç nə deyə bilmərəm. Baş Prokurorluğun rəsmi məlumatından başqa heç bir məlumatım yoxdur”. Bu C.Usubovun yenisabah.az saytına dedikləridir.
Çox maraqlıdır, uzun illər dövlət başçısının mühafizəsinə cavabdehlik daşıyan iki əsas şəxsin ailə üzvləri dövlətin büdcəsini talayıb, qanun pozuntularına yol veriblər, amma guya onların heç nədən xəbərləri olmayıb. Dövlət işində, əməliyyat işində kifayət qədər təcrübələri olan Bəylər Eyyubov, Cəbrayıl Usubov bəs görəsən doğmalarının qanunsuz əməllərindən şübhələnməyiblər? Düşünürəm ki, mütləq bu məqamlar araşdırılmalıdır. Bu qaçaqmalçılıqdan savayı birbaşa xəyanətdir.
