Böyük qalmaqalın ünvanı Cənubi Koreyadır. IP kameralarından istifadə edən 120 min ev və müəssisə haker hücumuna məruz qalıb. Şəxsi görüntülərin internetdə pul qarşılığında satıldığı müəyyən edilib.
Referans Media xəbər verir ki, Cənubi Koreyada bir qrup 120 mindən çox ev və işyeri kamerasını sındıraraq, seksual xarakter daşıyan görüntüləri onlayn paylaşıb. Polisin açıqlamasına görə, dörd şübhəli İP kameralarının təhlükəsizlik boşluqlarından istifadə edib. Şübhəlilər həbs edilib.
Bahalı təhlükəsizlik sistemlərinə daha ucuz alternativ olan IP kameralar evin internet şəbəkəsinə qoşulur. Uşaqları və ev heyvanlarını izləmək üçün istifadə olunur. Bildirilib ki, sındırılan 120 min kamera arasında şəxsi yaşayış yerləri, idman studiyaları və ginekoloji klinika var. BBC-nin məlumatına görə, Polis Departamenti 4 şübhəlinin birgə deyil, müstəqil hərəkət etdiyini açıqlayıb. Şübhəlilərdən birinin 63 min kameraya sızdığı və 545 cinsi məzmunlu video əldə etdiyi və 12.235 dollar satdığı iddia edilir. Digərinin isə 70 min kameranı sındırdığı və 648 video satdığı bildirilib.
Keçən il kamera görüntülərinin qeyri-qanuni şəkildə yayıldığı bir internet saytındakı videoların təxminən 62 faizinin iki şübhəlinin yayımladığı məlum olub. Bu videoları qəbul edən və onlara baxan 3 nəfər saxlanılıb və saytın bağlanması üçün prosedurlara başlanılıb.
