2026-cı ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 35 000 000 manat vəsait nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Ümumiyyətlə hərb sektorumuzda hərbçilərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində qanunda hansı daha prioritet yeniliklərə ehtiyac var?
Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Referans-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Prezidenti daim hərbi qulluqçuların, o cümlədən ehtiyatda olanların təminatına və təchizatına xüsusi diqqət yetirir. Gələn il üçün büdcədən ehtiyatda olan hərbi qulluqçuların mənzil təminatı məqsədilə 35 milyon manat vəsaitin ayrılması, təxminən 300 nəfər ehtiyatda olan hərbi qulluqçunun mənzillə təmin edilməsinə imkan yaradacaq.
Ekspert onu bildirir ki, Ermənistan üzərində əldə edilən qələbəmizin 5-ci ildönümü münasibətilə belə bir qərarın qəbul edilməsi, təbii ki, müsbət addımdır. Müddət bitdikdən sonra ehtiyatda olan hərbi qulluqçuların digər problemlərinin həlli istiqamətində də aidiyyəti qurumlarımız müvafiq addımlar atacaq. Hazırda daha çox qarşılaşdığımız problem isə Vətən müharibəsində və digər əməliyyatlarda iştirak etmiş hərbi qulluqçuların məşğulluğu ilə bağlıdır.
Müsahibimiz həmçinin onu da diqqətə çatdırıb ki, ölkə başçısı dəfələrlə göstəriş versə də, hələlik bu istiqamətdə ciddi dəyişikliklər müşahidə olunmur. Digər bir aktual problem isə icra hakimiyyətlərinin hərbi qulluqçulara ödədiyi kirayə haqları ilə bağlıdır. Bu sahədə də müəyyən məmur süründürməçiliyinə rast gəlindiyini hesab edirəm.
“İctimai rəyə təsir imkanına malik şəxslər və media nümayəndələri bu problemləri vaxtaşırı işıqlandırmalıdırlar ki, aidiyyəti qurumlar öz nöqsanlarını görsünlər və bu nöqsanların aradan qaldırılması üçün doğru istiqamətdə addımlar atsınlar”, – deyə ekspert qeyd edib.
Referans
Bünyamin Bünyadzadə
