Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.
Ümumiyyətlə son 1 ildə işğaldan azad olunmuş ərazilərə nə qədər insan köçürülüb? Bu ilin sonuna kimi nə qədər insanın Qarabağa məskunlaşması planlaşdırılır?
Mövzuyla bağlı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev REFERANS-a açıqlama verib.
Komitə rəsmisi bildirib ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, bu ərazilərə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, həmin bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Ləman Xalıqova
Referans.az