Son rəqəmlər açıqlandı: Qəzzada ölənlərin sayı rekord həddə yüksəldi

Fələstin Səhiyyə Nazirliyi İsrail ordusunun atəşkəsi pozaraq son 24 saat ərzində Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində 3 mülki şəxsin həlak olduğunu, 35 nəfərin isə yaralandığını açıqlayıb.

Referans MEDİA xəbər verir ki, Nazirliyin yaydığı məlumata görə, İsrail ordusu HAMAS ilə 10 oktyabr 2025-ci ildə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq bölgədə hərbi əməliyyatları davam etdirir.

Açıqlamada bildirilib ki, son hücumlarla birlikdə atəşkəsin qüvvəyə mindiyi tarixdən indiyədək həyatını itirənlərin sayı 936 nəfərə yüksəlib. Eyni zamanda dağıntılar altından çıxarılan şəxslərin sayı 781-ə, yaralananların sayı isə 2 min 903 nəfərə çatıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrailin Qəzzaya qarşı əməliyyatlarının başladığı 7 oktyabr 2023-cü ildən bu günə qədər həlak olanların ümumi sayı 72 min 945 nəfərə yüksəlib.

Bildirilib ki, həmin müddət ərzində yaralananların ümumi sayı isə 173 min 11 nəfərə çatıb.

Qəzza zolağında humanitar vəziyyətin ağır olaraq qaldığı, mülki əhalinin ərzaq, su və tibbi xidmət çatışmazlığı ilə üzləşdiyi qeyd olunur. Beynəlxalq təşkilatlar bölgədə davamlı atəşkəsin təmin olunması və humanitar yardımın maneəsiz çatdırılması çağırışlarını davam etdirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki