İranda İsrail kəşfiyyatı üçün casusluq etməkdə ittiham olunan İsveç vətəndaşı Kuroş Keyvani edam edilib. Hadisə ilə bağlı məlumatı İsveçin xarici işlər naziri Maria Malmer Stenergard açıqlayıb.
Referans Media xəbər verir ki, Nazir bildirib ki, sözügedən şəxs ötən ilin iyun ayında İranda saxlanılmışdı və İsveç hökuməti məsələ ilə bağlı dəfələrlə İran rəsmiləri ilə əlaqə saxlayıb.
Maria Malmer Stenergard edam qərarını sərt şəkildə tənqid edib. O bildirib ki, edam cəzası qeyri-insani və geri dönüşü olmayan cəzadır və İsveç, həmçinin Avropa Birliyi bu cəzanın tətbiqini bütün hallarda qınayır.
Nazirin sözlərinə görə, edama aparan məhkəmə prosesi ədalətli mühakimə standartlarına uyğun keçirilməyib.
Mossad üçün casusluq etməkdə günahlandırılan Kuroş Keyvaninin İranın həssas obyektləri ilə bağlı foto və məlumatlar topladığı bildirilib. İranın məhkəmə orqanlarına bağlı Mizan Xəbər Agentliyi qeyd edib ki, Keyvani İsrail kəşfiyyatı tərəfindən internet vasitəsilə cəlb olunub və onunla ilk əlaqəni fars dilində danışan Mossad əməkdaşı qurub.
Məlumata görə, edam hökmü məhkəmə prosesindən və Ali Məhkəmənin təsdiqindən sonra bu gün səhər saatlarında icra olunub.
