Nazir qeyd edib ki, Qarabağda işğal olunmuş ərazilər azad edildikdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın sülh və Azərbaycanla münasibətlər naminə tarixi riskə getmək istəyini yüksək qiymətləndirir. O, ABŞ-də Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına görə Prezident İlham Əliyevə və ABŞ lideri Donald Trampa minnətdarlığını bildirib.
H.Fidan bildirib ki, Vaşinqtonda sənəd yalnız paraflanıb, yekun sülh müqaviləsinin imzalanmasının gələn ilin birinci yarısında baş tutacağı gözlənilir. “Azərbaycan və Ermənistan arasında sazişə yekun imza qoyulan kimi biz tezliklə Ermənistanla münasibətləri normallaşdırmağa başlayacağıq”, – Fidan əlavə edib.
Məlumdur ki, Ermənistanda növbəti parlament seçkiləri gələn ilin iyununda keçirilməlidir. Nəzərə alsaq ki, referendum üçün azı 2 ay vaxt lazımdır, onda belə çıxır, qonşu ölkədə seçkilər bir neçə aya qabağa çəkilməlidir ki, ardınca referendum da baş tutsun və Hakan Fidanın söylədiyi kimi, ilk yarım ildə sülh müqaviləsi imzalansın.
Belədirmi? Türkiyə XİN başçısı bunu informasiya əsasında deyir Ola bilərmi Ermənistanda seçkilər və referendum eyni vaxtda keçirilsin?
Maraqlıdır ki, Ermənistan XİN sözçüsü Ani Bədəlyan H.Fidanın dediklərini təkzib etməyib. “Sənədin maksimum qısa zamanda imzalanması sülhün əldə olunması yönündə ciddi addım olacaq”, – o bildirib. Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Hakan Fidanın konkret vaxt qeyd etməsi xeyli suallar doğurub: “Əvvəla, nəzərə alsaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayının 7-də olacaq və ilin birinci yarısında sülh müqaviləsi imzalanırsa, onda belə çıxır ki, Ermənistanda parlament seçkilərinin vaxtı irəli çəkilə bilər. Bu halda ilin birinci yarısında referendum keçirilməsi də mümkün ola bilər. Amma nəzərə alaq ki, Ermənistanın baş naziri parlament seçkiləri və referendumla bağlı iki mövqeni ifadə edib. O qeyd edib ki, referendumla parlament seçkiləri eyni vaxtda keçirilsin. Bu o deməkdir ki, 7 iyunda referendum da ola bilər. H.Fidanın dediklərindən isə belə çıxır ki, referendum daha öncə keçirilə bilər. Hər bir halda 2026-cı ilin sülh sazişinin imzalandığı il kimi tarixə düşməsi ümidləri var. Zamanı gözləmək lazımdır. Görək Ermənistan hakimiyyəti eyni vaxtda həm parlament seçkiləri, həm də referendum keçirəcəkmi. Hakan Fidan kifayət qədər məlumatlı şəxsdir, o fikirləri söyləyərkən şübhəsiz ki, onun əlində faktlar, informasiya var”.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, Hakan Fidanın Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişi layihəsi ilə bağlı fikirləri tamamilə məntiqli fikirlərdir: “Yəni paraflanmış sənəd hələ sülh müqaviləsi deyil. Sadəcə, müəyyən öhdəliklərdir ki, tərəflər öz üzərinə öhdəliklər götürüb. Öhdəliklərin icrasına nəzarət Vaşinqtonun üzərində olacaq. Sülh müqaviləsinin imzalanmasının gələn ilin birinci yarısında imzalanacağı barədə Hakan Fidanın dedikləri ciddi açıqlamadır. Cənab Fidan şübhəsiz məlumatlı adamdır, proseslərin gedişi barədə məlumatı kifayət qədərdir. Amma məsələnin bu tərəfi də var ki, Ermənistan proqnozlaşdırılan və sözünün üstündə duran ölkə deyil. Düzdür, Nikol Paşinyan sülhə doğru addımlar atır, nə qədər çətin olsa da ölkəsində revanşistlərin, xarici qüvvələrin sülh prosesinə qarşı həmlələrinin qarşısını almağa çalışır, amma onun sülh sazişini məhz gələn ilin əvvəlində imzalaya biləcəyini bu gün yüz faiz dəqiq söyləmək çətindir”.
