Sumqayıt şəhəri Məhəmməd Əsədov küçəsində şəhər icra hakimiyyəti əməkdaşlarının ticarətlə bağlı reydlərdə satıcılarla davranışları birmənalı qarşılanmayıb. Pərakəndə ticarətlə məşğul olanlar çox vaxt malları piyada səkilərinə düzürlər. Bu da gediş-gəlişə mane olur. Bu baxımdan belə reydlər yaxşıdır. Amma heç bir səbəb dövlət hakimiyyəti orqanı təmsilçilərinin vətəndaşlarla, sahibkarlarla kobud davranmasına əsas vermir. Malları müsadirə etmələri isə birbaşa qanun pozuntusudur. Nəticədə dövlət məmuru qanunsuz fəaliyyətdə ittiham etdikləri kimi özü də qanunsuzluq edir. Məmur küçə ticarəti qeyri-qanuni aparıldığı halda müdaxilə edə bilər, amma satılan malları götürüb aparması düzgün deyil. Özü də nümayişkaranə şəkildə “bunlar artıq sənin deyil” deməsi özbaşınalığın son həddidir. Bu məmurun davranışına Sumqayıt Şəhər İcra Hakimiyyəti münasibət bildirib:
“Sumqayıt şəhərində qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların birgə iştirakı ilə qabaqlayıcı tədbirlər həyata keçirilir. Səkiləri zəbt edərək piyadaların hərəkətini mane olan, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılarla izahat xarakterli söhbətlər apararılır”.
Qeyd olunub ki, küçə ticarəti ilə məşğul olan şəxslər üçün şəhər ərazisindəki yarmarkada müvafiq ticarət yerləri ayrılıb.
İcra Hakimiyyəti iddia edir ki, reyd zamanı mallar müsadirə olunmayıb, 18-ci mikrorayon ərazisində yerləşən yarmarkada xüsusi ayrılmış ticarət yerinə aparılıb və həmin məhsulların orada satışının davam etdirilməsi tövsiyə olunub. Qabaqlayıcı tədbirlərin əsas məqsədi piyadaların sərbəst hərəkətinin təmin edilməsi, sanitariya-gigiyena normalarına riayət olunması və şəhər ərazisində qanunvericiliyin tələblərinə uyğun ticarət mühitinin formalaşdırılmasıdır.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin küçə ticarətində qayda-qanun yaratmaq istəyi normaldır. Amma vəziyyətin niyə bu həddə çatması da elə icra hakimiyyətinin öz günahıdır. Problem bir və ya bir neçə gündə yaranmır, “dama-dama yığılıb göl olur.” Reydi də qanunu pozmaqla həyata keçirdirlərsə, onda öz aralarında işləri tənzimləsələr yaxşı olar.
Sima Babayeva
