Taliban elan etdi: Pakistan sərhədində 15 hərbi məntəqə ələ keçirildi!

Pakistan və Əfqanıstan arasında rəsmi şəkildə müharibə başlayıb. Hər iki tərəfin verdiyi məlumatlara görə, ölənlərin sayı artıq 200-dən çoxdur. Gərginlik hər dəqiqə artır və Taliban açıqlama verərək Pakistan sərhədində 15 hərbi məntəqəni ələ keçirdiklərini bildirib.

Referans Media xəbər verir ki, Talibanın açıqlamasında “Pakistan sərhədində 15 hərbi məntəqəni ələ keçirdik” deyilir. Əfqanıstan hökumətinin sözçü müavini Hamdullah Fıtrat qisas əməliyyatlarında 55 Pakistan əsgərinin öldürüldüyünü, 23 əsgərin cəsədinin və çoxsaylı silahların ələ keçirildiyini iddia edib. Fıtrat həmçinin Pakistan ordusuna aid bir qərargah və 19 nəzarət məntəqəsinin ələ keçirildiyini qeyd edib.

Pakistanın İnformasiya Naziri Attaullah Tarar, sosial media vasitəsilə yayımladığı açıqlamada əməliyyatlarda Əfqan tərəfdən 133 nəfərin öldüyünü, 200-dən çox şəxsin yaralandığını bildirib. Tarar Kabil, Paktia və Qəndəharda bəzi hədəflərin vurulduğunu və ölü sayının arta biləcəyini qeyd edib. Əməliyyatlarda 27 mövqe məhv edilib, 9 məntəqə ələ keçirilib, iki korpus və üç briqada qərargahı daxil olmaqla 80-dən çox texnika və silah məhv edilib.

Pakistan Müdafiə Naziri Xavaja Məhəmməd Asif paylaşımında bildirib ki, NATO qüvvələrinin Əfqanıstandan çıxmasından sonra Talibanın sülhə və Əfqan xalqının maraqlarına fokuslanacağı gözlənilirdi. Lakin Talibanın Əfqanıstanı Hindistanın koloniyasına çevirdiyini iddia edib və əlavə edib: “Artıq aramızda açıq müharibə var.”

Pakistan son dövrlərdə ölkədə baş verən partlayışlardan sonra sərhəd boyunca “terror düşərgəsi” hesab etdiyi 7 məntəqəni hədəf alıb.

Əfqanıstan Müdafiə Nazirliyi Pakistanın hücumuna uyğun və ölçülü cavab veriləcəyini açıqlayıb. Əfqan Qızıl Aypara Cəmiyyəti bildirir ki, Pakistanın hücumları nəticəsində 18 nəfər həlak olub, çox sayda yaralı var.

Pakistan Daxili İşlər Naziri Talal Çaudri isə təxminən 70 terroristin zərərsizləşdirildiyini açıqlayıb.

Əfqan hökuməti Pakistanın hücumlarından sonra Kabildəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq protest notası verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki