image-teyyare1backend

TƏCİLİ: ABŞ sərnişin təyyarəsi atəşə tutuldu

ABŞ-nin “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi Kolumbiyada eniş edərkən atəşə tutulub.

Referans Media Musavat.coma istinadən xəbər verir ki, təyyarə Kolumbiyanın Medellin şəhərindən Mayami istiqamətində uçuş həyata keçirərkən gövdəsində güllə izləri aşkarlanıb.

Rəsmi şəxslərin bildirdiyinə görə, insident zamanı xəsarət alan olmayıb. İlkin araşdırmalar göstərir ki, təyyarə bazar günü Medellində eniş edərkən atəşə tutulub.

“American Airlines” şirkətindən bildirilib ki, təyyarənin xarici hissəsində “dəlik aşkar olunub”. Təyyarə Mayamiyə qayıtdıqdan sonra planlı baxış zamanı bu problem üzə çıxıb.

“Təyyarə dərhal xidmətdən çıxarılıb, əlavə yoxlama və təmir üçün göndərilib. Bu hadisənin araşdırılmasında bütün aidiyyəti orqanlarla yaxından əməkdaşlıq edəcəyik”, – deyə şirkət “ABC News”ə açıqlamasında qeyd edib.

Hakimiyyət orqanları mümkün ssenari kimi cinayətkar qruplaşmanın rolunu da nəzərdən keçirir, lakin hələlik bu barədə qəti məlumat yoxdur.

“Flightradar24” məlumatına görə, “Boeing 737 MAX 8” təyyarəsi bazar ertəsi səhər Medellindən Mayamiyə uçub, daha sonra eyni gün axşam Mayamidən Dallas şəhərinə istiqamətlənib. Qeyd edək ki, Dallas-Fort-Uert “American Airlines”ın baş qərargahıdır və təyyarə tam təmir üçün ora göndərilib.

“American Airlines” bildirib ki, aşkarlanan qüsur təyyarənin idarə edilməsində hər hansı problem yaratmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki