Çin, Tesla ilə məşhurlaşan və müasir elektrikli avtomobillərin vazkeçilməz elementi halına gələn gizli qapı tutacaqlarını qadağan edən dünyadakı ilk ölkə olacaq.
Referans Media xəbər verir ki, qərar, xüsusilə qəzalar zamanı elektrik sisteminin sıradan çıxması nəticəsində qapıların açıla bilməməsi və bununla bağlı insan itkilərinin artması səbəbilə qəbul edilib.
Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən açıqlanan yeni qaydalara görə, avtomobillərin həm içəridən, həm də xaricdən fiziki müdaxilə ilə açıla bilən mexanik mexanizmlərə sahib olması məcburi olacaq.
Ölümcül qəzalar qaydaların qəbuluna səbəb oldu
Yeni qaydalar, Çində Xiaomi elektrikli avtomobillərinin qarışdığı və qəzadan sonra qapıların kilidli qalması səbəbindən sərnişinlərin təxliyə edilə bilmədiyi faciəvi hadisələrdən sonra qəbul olunub.
Son dövrdə Çendu və Tonglinq şəhərlərində baş verən qəzalar zamanı ətrafdakıların köməyinə baxmayaraq, elektron qapı tutacaqlarının işləməməsi səbəbindən xilasetmə əməliyyatları uğursuz olub. Dövlət mediasının məlumatına görə, Çində ən çox satılan 100 yeni nəsil avtomobilin təxminən 60%-i hazırda bu müzakirə olunan dizaynı istifadə edir.
2027-ci ilin əvvəlində qüvvəyə minəcək
1 yanvar 2027-ci ildən etibarən qüvvəyə minəcək qaydalara görə, avtomobil qapılarında (baqaj xaric) ən azı 6 sm x 2 sm x 2,5 sm ölçüsündə boşluq olmalı və qapı tutacağı əl ilə tutula bilən olmalıdır.
Bundan əlavə, avtomobilin içərisindəki mexanik açma tutacaqlarının yerini göstərən aydın işarələr də məcburi olacaq. Hal-hazırda təsdiqlənmiş və bazara çıxmağa hazır modellər üçün isə dizaynlarını yeniləmələri məqsədilə 2029-cu ilə qədər iki illik əlavə vaxt veriləcək.
Qlobal avtomobil bazarına təsir göstərəcək
Dünyanın ən böyük elektrikli avtomobil bazarı olan Çinin bu addımı yalnız yerli markalara deyil, Tesla kimi qlobal istehsalçılara da təsir edəcək.
Ekspertlər hesab edir ki, istehsalçılar Çin bazarı üçün ayrıca dizayn xərci çəkmək əvəzinə, qlobal modellərdə də standart mexanik tutacaqlara qayıda bilərlər. Digər tərəfdən, ABŞ və Avropadakı təhlükəsizlik orqanları da oxşar şikayətlər əsasında gizli qapı tutacağı sistemlərinə dair araşdırmalarını davam etdirir.
