Telefon fırıldaqçılarının yeni üsulu üzə çıxdı - Bələdiyyə sədrinin adından istifadə edən şəxslər ələ keçdi

Türkiyənin Samsun şəhəri mərkəz olmaqla 6 vilayətdə keçirilən əməliyyat zamanı özlərini bələdiyyə rəhbəri kimi təqdim edərək vətəndaşlardan pul topladığı iddia edilən 6 nəfər saxlanılıb.

Referans Media xəbər verir ki, istintaq materiallarına görə, şübhəlilər telefonla vətəndaşlarla əlaqə saxlayaraq özlərini Halit Doğan kimi təqdim edib, aztəminatlı ailələr üçün yardım kampaniyası keçirdiklərini bildirərək maddi vəsait istəyiblər.

Polisin araşdırmaları nəticəsində onların bu üsulla 4 ayrı hadisədə ümumilikdə 310 min lirə məbləğində qanunsuz gəlir əldə etdikləri müəyyənləşdirilib.

Samsun Polis İdarəsi tərəfindən aparılan istintaq çərçivəsində iyunun 10-da Samsunla yanaşı İstanbul, Çanakkale, Tekirdağ, Bartın və Diyarbakır şəhərlərində eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat nəticəsində 6 şübhəli saxlanılıb. Daha bir nəfərin isə başqa bir dələduzluq işi üzrə həbsdə olduğu bildirilib.

Şübhəlilərin yaşadığı ünvanlarda aparılan axtarışlar zamanı tüfəng, çoxsaylı mobil telefonlar və müxtəlif rəqəmsal məlumat daşıyıcıları aşkarlanaraq götürülüb.

Polisdə ifadələri alınan saxlanılan şəxslər daha sonra məhkəmə qarşısına çıxarılmaq üçün ədliyyə orqanlarına təhvil veriliblər.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki