Avropa Birliyi (AB) sosial media platforması TikTok-u, istifadəçilərdə asılılıq yaradan dizaynı səbəbindən AB-nin rəqəmsal qaydalarını pozmaqda ittiham edib.
Referans Media xəbər verir ki, AB Komissiyası bildirib ki, TikTok-un sonsuz sürüşdürmə (scroll), avtomatik oynatma, anlıq bildirişlər və həddindən artıq fərdiləşdirilmiş tövsiyə sistemi kimi xüsusiyyətləri asılılıq yarada bilər. Platforma bu risklərin xüsusilə yeniyetmələr və həssas yetkinlər üçün fiziki və zehni sağlamlığa təsirini kifayət qədər qiymətləndirməyib və istifadəçilərin özünü idarə etmə qabiliyyətini azalda bilər.
AB Komissiyası TikTok-un bu riskləri azaltmaq üçün kifayət qədər tədbir görmədiyini bildirir. Əgər ön qiymətləndirmə təsdiqlənərsə, AB platformaya uyğunlaşmama qərarı verə və illik qlobal gəlirinin 6%-inə qədər cərimə tətbiq edə bilər.
AB-nin texnologiya qaydalarına görə Avropada fəaliyyət göstərən böyük şirkətlərin ciddi qaydalara əməl etməsi vacibdir.
