İndoneziyanın Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25-ə yüksəlib.
Referans Media xəbər verir ki, Qərbi Bandunq bölgəsində bir neçə gündür davam edən güclü yağışlardan sonra, yanvarın 24-də torpaq sürüşməsi qeydə alınıb. Hadisədən sonra axtarış-xilasetmə qrupları əlverişsiz hava və ərazi şəraitinə baxmayaraq, işlərini davam etdirirlər.
“Antara” agentliyinin məlumatına görə, axtarış-xilasetmə işlərinə rəhbərlik edən səlahiyyətli şəxs Ade Dian bildirib ki, hazırda 65 nəfər itkin düşmüş hesab olunur. Güclü yağışlar səbəbindən axtarış-xilasetmə əməliyyatlarının sabah davam etdirilməsi planlaşdırılır.
Ade Dian həmçinin qeyd edib ki, xilasetmə işləri aparıldığı zaman ərazidə ikinci torpaq sürüşməsi baş verib və bu səbəbdən təhlükəsizlik məqsədilə əməliyyatlara müvəqqəti fasilə verilib.
Torpaq sürüşməsinin baş verdiyi ərazilərdən təxminən 230 nəfər təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib. Rəsmi məlumatlara əsasən, 30-dan çox evə ziyan dəyib, bəzi yaşayış məntəqələri isə tamamilə torpaq altında qalıb.
