Tramp açıqladı: Si Cinpin 200 "Boeing" təyyarəsi sifariş etdi

Donald Tramp, Si Cinpin ilə aparılan danışıqlar nəticəsində "Boeing" şirkətindən 200 ədəd təyyarə alınmasına razılıq əldə edildiyini açıqlayıb.

Referans Media xəbər verir ki, Tramp "Fox News" telekanalına verdiyi müsahibədə bu razılaşmanın ABŞ iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıdığını və minlərlə iş yerinin yaradılmasına səbəb olacağını bildirib.

Tramp “200 böyük təyyarə alacaqlar. Bu, çox böyük iş deməkdir” ifadəsini işlədib. Onun sözlərinə görə, bu razılaşma "Boeing" üçün də strateji əhəmiyyət daşıyır.

Məlumata görə, açıqlamadan sonra "Boeing" səhmlərində təxminən 4 faizlik azalma qeydə alınıb. Bəzi analitiklər investorların daha böyük həcmdə sifariş gözlədiyini bildiriblər.

İqtisadi ekspertlər Çin kimi böyük bazardan gələcək sifarişlərin "Boeing"in qlobal rəqabətdə mövqeyini gücləndirə biləcəyini vurğulayırlar. Şirkət son illərdə istehsal və çatdırılma gecikmələri, həmçinin rəqibi Airbus ilə rəqabət səbəbindən təzyiq altında idi.

Tramp ilə Si Cinpinin Pekində keçirilən görüşündə ticarət məsələləri ilə yanaşı İran böhranı, Tayvan gərginliyi və texnologiya sahəsində rəqabət də müzakirə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki