Tramp: “Hazırda Ukraynada sülhə heç vaxt olmadığı qədər yaxınıq”

ABŞ Prezidenti Donald Tramp ABŞ nümayəndə heyəti ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra açıqlama verib.

Referans Media xəbər verir ki, Tramp Avropa liderləri və Zelenski ilə geniş və məhsuldar müzakirələr aparılıb: “Avropalı liderlər və Zelenski ilə uzun və səmərəli görüş keçirdik. Hazırda Ukraynada sülhə heç vaxt olmadığı qədər yaxınıq. Avropa liderlərindən möhtəşəm dəstək görürük. Onlar müharibənin bitməsini istəyirlər”, – deyə Tramp qeyd edib.

Zelenski: “Tərəfdaşlarımızın müharibənin bütün detallarını bilməsi vacibdir”

Ukrayna Prezidenti Volodimir Zelenski isə sosial şəbəkə X-də yaydığı açıqlamada bildirib ki, ABŞ nümayəndələri ilə ilk rəsmi görüş baş tutub: “Dünən cənab Uitkoff və cənab Kuşnerlə, eləcə də ABŞ nümayəndə heyəti ilə ilk görüşümüzü keçirdik. Bundan əvvəl komandalarımız müvafiq görüşlər aparmışdı. ABŞ-dakı tərəfdaşlarımızın müharibə ilə bağlı bütün detalları eşitməsi son dərəcə vacib idi. Əgər bu görüşlər daha əvvəl baş tutsaydı, irəliləyiş daha böyük ola bilərdi. Bununla belə, birgə çox yaxşı işlədiyimiz üçün minnətdaram.”

Zelenski vurğulayıb ki, Ukrayna üçün qəbuledilməz və dağıdıcı ola biləcək bəzi məqamlar mövcuddur: “Bizə kömək etməyəcək müəyyən məsələlər var və onların sənədlərin yeni versiyalarında yer almaması vacibdir. Bu önəmlidir, çünki ləyaqət önəmlidir.”

Ərazi və təhlükəsizlik məsələləri gündəmdədir

Ukrayna Prezidenti bildirib ki, Rusiya ilə ərazi məsələlərində fərqli mövqelər mövcuddur və bu, açıq şəkildə müzakirə olunmalıdır: “Amerika tərəfinin vasitəçi kimi çıxış edərək, ən azı müəyyən razılaşma əldə etmək üçün müxtəlif təkliflər irəli sürəcəyinə inanıram. Təhlükəsizlik zəmanətləri, ərazilər və Ukraynanın bərpası üçün təzminat məsələlərinə aydın cavablar tapmaq məqsədilə əlimizdən gələni edəcəyik.”

Zelenski təhlükəsizlik zəmanətlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Təhlükəsizlik zəmanətləri müzakirə olunur. Döyüş meydanında hər hansı addım atılmazdan əvvəl həm ordu, həm də mülki əhali bu zəmanətlərin nədən ibarət olduğunu dəqiq bilməlidir. Bu, son dərəcə vacibdir.”

O əlavə edib ki, hazırda bütün bu məsələlər sənəd üzərində formalaşdırılır və müəyyən irəliləyiş əldə olunub: “Hazırda bütün bunları kağız üzərinə köçürmək üzərində işləyirik və irəliləyiş var. Hərbi hissə tərəfindən hazırlanan detallar, hələ ilkin layihə olmasına baxmayaraq, kifayət qədər möhkəm görünür.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki