ABŞ Prezidenti Donald Trampın “HƏMAS lazım gələrsə məhv edilə bilər” bəyanatı Yaxın Şərqdə uzun illərdir davam edən gərgin münasibətlər fonunda yeni siyasi dalğa yaradıb.
Bu açıqlama həm regionda, həm də beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub. Trampın bu cür sərt çıxışı İsrailin təhlükəsizlik maraqlarına dəstək kimi qiymətləndirilsə də, eyni zamanda bölgədə sülh prosesinin zərbə altında qalacağı ehtimalını da artırır.
Trampın bu bəyanatı real hərbi əməliyyatların başlanmasına siqnal kimi qəbul edilə bilərmi, yoxsa bu, sadəcə siyasi təzyiq vasitəsidir?
Referans.az xəbər verir ki ,mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, ABŞ Prezidenti Donald Tramp sülhü, təhlükəsizliyi, sabitliyi qorumaq üçün addımlar atır və müxtəlif münaqişələri birdəfəlik həlli üçün enerji sərf edir.
Onun sözlərinə görə, hətta Misirdə Yaxın Şərq üzrə sülhün əldə olunması üçün barış masası da təşkil olundu. Eyni zamanda, digər konfliktlərin həlli üçün müvafiq görüşlər, imzalanma mərasimləri də keçirildi, bunlar da çox mühüm hadisələrdir.
Politoloq qeyd edib ki, “HƏMAS hərəkatı lazım gələrsə məhv edilə bilər” fikirləri gərginliyi artırır, hərbi ritorikanı gücləndirir:
“Bu cür fikirlər müharibəyə və böyük eskalasiyalara gətirib çıxara bilər. Hesab edirəm ki, bu cür çıxışların qurulması həm də gərginlik öncəsi hazırlıqlar fikrini bildirməkdədir. Belə görünür ki, ABŞ-dəki müxtəlif dairələr, o cümlədən, İsraildəki hərbi rəhbərlikdə duran şəxslər hazırkı sülhü qəbul etmir, ambisiyaları var və bunu yerinə yetirmək üçün hərbi gücün tətbiqini üstün hesab edirlər”.
