Tramp hücumu dayandırdı: İrandan sərt mesaj gəldi

ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan hərbi əməliyyatı təxirə salmaq qərarından sonra Məsud Pezeşkiandan diqqətçəkən açıqlama gəlib.

Referans Media xəbər verir ki, İran prezidenti sosial media hesabında paylaşdığı mesajda bildirib ki, dialoq və danışıqlar “təslim olmaq” anlamına gəlmir. O vurğulayıb ki, İran milli maraqları və qanuni hüquqları ilə bağlı geri addım atmayacaq.

Məsud Pezeşkian açıqlamasında qeyd edib: “İran İslam Respublikası dialoqa ləyaqətlə, güclə və xalqın hüquqlarını qoruyaraq daxil olur. Xalqın və ölkənin qanuni hüquqlarından heç bir halda geri çəkilməyəcəyik.”

İran lideri ölkəsinin maraqlarını qorumaqda qərarlı olduqlarını da bildirib: “Məntiq çərçivəsində və bütün gücümüzlə xalqımıza xidmət etməyə davam edəcəyik. İranın maraqlarının və şərəfinin qoruyucusu olacağıq.”

Donald Tramp daha əvvəl açıqlamasında bildirmişdi ki, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri rəhbərlərinin xahişindən sonra İrana qarşı planlaşdırılan hücumun təxirə salınması barədə göstəriş verib.

Onun sözlərinə görə, bölgə liderləri davam edən danışıqlar nəticəsində ABŞ və Yaxın Şərq ölkələri üçün qəbul edilə biləcək razılaşmanın əldə olunacağına inanırlar.

Tramp eyni zamanda bildirib ki, əgər məqbul razılaşma əldə edilməzsə, ABŞ ordusu İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlamağa hazır olacaq.

ABŞ prezidenti İranın nüvə silahına sahib olmamalı olduğunu bir daha vurğulayaraq deyib: “Ən vacib məsələ İranın nüvə silahı əldə etməməsidir.”

Vaşinqton və Tehran arasında gərginliyin artdığı bir dövrdə tərəflərin açıqlamaları beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki